Son zamanlar kameralardan aktiv istifadə olunur. Müasir kameralara olan marağı onların yeni imkanları yaradır. Artıq, 360-dərəcəlik şəkil və videolar dəbə minir. Müasir smartfonlarda 360-dərəcəli çəkiliş imkanı olsa da, onlar Yi 360 VR kamerası qədər keyfiyyətli deyildirlər, çünki bu kamera 5.7K keyfiyyətində video çəkiliş aparmaq iqtidarındadır.

Kameranı test üçün Xiaomi şirkətinin Azərbaycandakı rəsmi mağazası olan MiHome təqdim etdi. Qutuda kameranın özü, ştativ, akkumlyator, doldurma üçün kabel, bunları daşımaq üçün kisələr və təlimat kitabçası yer alır. 

Kameranın ölçüləri 102х53,2х29,6 mm-dir, çəkisi - 170 gramdır. Dizaynı lakonikdir, keyfiyyətli tutqun plastikdən hazırlanıb. Korpusun hər iki tərəfində 12-meqapiksellik kamera yerləşir. Yan tərəfdə idarə etmək üçün bir düymə, yuxarı hissəsində monoxrom displey və kameranın funksiyalarını vərəqləmək üçün iki düymə yer alır. Digər tərəfində, qapağın altında akkumlyator, microSD kart (həmçinin microSDHC, microSDXC), USB Type-C və HMDI girişləri yerləşir. Akkumlyator 1400 mAs həcmindədir və 40 dəqiqə 5.7K, yaxud 75 dəqiqə 4K rejimlərdə video çəkmək imkanı verir.

Komplektdə olan ştativ, kameranın alt hissəsində olan vint bağlantısı ilə bərkidilir və kameranı tam olaraq bu ayaqlar üzərində möhkəm saxlayır. Ştativi müxtəlif hündürlüklərdə (uzunluğu 710 mm-dir) tənzimləmək, hətta müxtəlif səthlərdə sürüşmədən rahat yerləşdirmək olur. Kameranı ştativsizdə istifadə etmək mümkündür. Onun alt hissəsi sürüşkən olmayan rezin səthə malikdir.

Kamera ilə şəhərin mərkəzinə yollanıb, Fəvvarələr Meydanında və Qış Parkında testlər etdim. Hər iki tərəfdə yerləşən kameralar 360-dərəcəlik video və foto çəkmək imkanı verir. Qadcet 5.7K 30 kadr/s yaxud 4K 60 kadr/s rejimlərdə çəkiliş edir. Bu da nəticənin çox yüksək keyfiyyətli alınmasına yol açır. Video və foto görüntülərdəki xırda detallar aydın görünür.

Yi 360 VR həmçinin səslə idarə oluna bilir. Kameranı smartfondan idarə etmək də mümkündür. Bunun üçün, smartfonunuza “Yi 360” tətbiqini yükləmək kifayətdir. O həm iOS, həm də Android OS üçün mövcuddur və rahatlıqda App Store və Google Play Store-dan yükləmək mümkündür. Smartfona Wi-Fi yaxud Bluetooth rabitəsi vasitəsi ilə qoşulmaq olar. Smartfonun ekranından tənzimləmələr etmək, foto, video və time-laps rejimlərini seçmək mümkündür. Videolar 3840x1920 piksel 30 kadr/s keyfiyyətdə çəkilir. Həmçinin, qurğu Live video və Google Street View Mobile ilə çalışa bilir. “Street View” tətbiqi ilə ayrıca və ya müxtəlif intervallı şəkillər çəkə bilir. Sonra isə şəkillər birləşdrilərək Google Street View-yə yüklənir. 

Kameranın digər bir özəlliyi “Removing Yourself” funksiyasıdır. Bu funksiyasnı aktivləşdirdikdən sonra 5 saniyəlik interval ilə yerinizi dəyişdirirsiniz. Proqram təminatı çəkilmiş şəkilləri təhlil edərək, istifadəçini kadrdan silir.

Nəticə olaraq deyə bilərəm ki, rəqib qadcetlərlə müqayisədə Yi 360 VR həm yüksək keyfiyyətli, həm də qiymət cəhətdən sərfəlidir. Qadcetin qiyməti 800 manatdır və onu Mihome.az saytında və ya mağazasında əldə edə bilərsiniz.