Ötən ilin sonunda bu avtomobilin regional testlərində iştirak edib hesabat vermişdim. İki gün ərzində Şimali Qavqaz dağlarının ilan kimi qıvrılan yollarında yenilənmiş Lada Vesta SW Cross mənim xoşuma gəlmək istəyirdi və deyəsən buna nail olmuşdu. 

Mən ilk dəfə idi Rusiyada istehsal olunmuş avtomobil barədə tamaşaçılarıma lətifə danışmadım, onun eksteryeri, salonu, təhcizatı, dinamikası və idarələnməsi barədə ətraflı məlumat verdim. «Autograph» verlişi efirə çıxar-çıxmaz sosial şəbəkələrdə ünvanıma suallar və məzəmmətlər yağmağa başladı.

Deyirdilər, inanan daşa dönsün! Ola bilməz ki, bu maşından razı qalasan, axı sən dünyanın ən «bərkgedən» və «lakşeri» avtomobillərini sürmüsən… Mən cavab veriridim ki, hər avtomobilin öz alıcısı var, əsas odur ki, qiymət-keyfiyyət mütənasibliyi qorunsun. O zaman opponentlərim soruşurdular: ikicə günə keyfiyyət barədə necə nəticə çıxara bildin?

Bəlkə Elbrusun ətəyində kabab yeyib, narzan suyu içəndən sonra, təşkilatçı-marketoloqların sözlərinə inanmısan? Mənim ağıllı tamaşaçılarım haqlı idi: istənilən modelin müsbət və mənfi tərəflərini araşdırmaq, etibarlığını yoxlamaq, gündəlik davranışını müşahidə etmək üçün zaman və yürüş lazımdır. Özü də nə qədər çox olsa, nəticələr o qədər obyektiv olar.

Sirr deyil ki, AvtoVAZ məhsulunun adı gələndə əksəriyyət klassik «nol-altı» və ya «Niva»nı göz önünə gətirir. Başa salırsan ki, bu tam başqa «Lada»-dır, Renault-Nissan alyansının iştirakı ilə istehsal olunan məhsuldur… Deyirlər, baxarsan, «potolok» 70 min km sürəndən sonra problemlər çıxacaq. Xüsusən də avtomat transmisiya barədə bəzi «bilicilər» istehzalarını gizlətmirdi…

Bir sözlə bütün bu söhbətlərdən bezərək, AvtoVAZ-ın Marketinq departamentinə və eyni zamanda rəsmi idxalçı «Xəzər-Lada» ASC-nin rəhbərliyinə uzunmüddətli test-drayv barədə təkliflə müraciət etdim ki, bütün şübhələrə son qoymaq mümkün olsun.

Zənnimcə stereotipləri sındırmağın vaxtı yetişib. 6 ay ərzində yeni Lada Vesta SW Cross bizim diqqət mərkəzində olacaq. Özü də avtomobili idman trekində sınamaq fikrim yoxdu, Koenigsegg deyil axı.

Avtomobili öz mühitində - şəhərdaxili və şəhərətrafı yollarda standart istismar şəraitində sınayıb, bütün sistemlərin etibarlığını yoxlayacaq, istehlak xərclərini hesablayacağıq. Sınaq yürüşlərində iştirak edib, rəylərini qələmə almaq üçün tanınmış junalistlər də dəvət olunacaq.

İlk olaraq avtomobili 106 FM radiosunda mənimlə «Prime-Time» verlişini aparan həmkarlarım Valid, Nicat, Yaşar və Nailəyə təqdim etmək istəyirəm. Onlar təcrübəli avtomobilçilərdir, fikirləri maraqlı olacaq.

Daha sonra ölkə avtomobil jurnalistikasının qaymaqları - Ramin və Ruslan Musayevlər, Tural Yusifov, Rəhim Əliyev, Elgün Xıdırov, Elçin Zodorov da Lada Vesta-nın dizaynı, rahatlığı, erqonomikası, və s. göstəriciləri barədə nəticələrini oxuculara və tamaşaçılara çatdıracaqlar.

Hər həftə yeni hesabat izləyə biləcəksiniz.Yeri gəlmişkən, sosial şəbəkələrdə «Autograph» səhifələrini aktiv şərh edən izləyicilərimizə də avtomobillə tanış olmaq imkanı veriləcək. Hər 500 km-dən sonra avtomobilə birlikdə qiymət verəcəyik. Qısası maraqlı test-drayv olacaq.

Karantin bir az yumşalsa, gözəl regionlarımıza da səyahət edərik…