Üç il əvvəl Infiniti şirkəti öz konseptləri üçün uyğun bir ad tapıb - Monograph. Bildiyimiz kimi, monoqrafiya bir mövzunun dərindən öyrənilməsinə yönəlmiş elmi işdir. Beləliklə, Infiniti QX60 Monograph konsepti bizi texniki detallara və interyerə belə diqqət ayırmadan yalnız dizayn məsələsini araşdırmağa dəvət edir.
2021-ci ildə debüt edəcək iri üçsıralı Infiniti QX60 krossoverinin ikinci nəsli təqribən belə bir dizayna sahib olacaqdır. Üstəlik, konsept yaxın gələcəkdə Infiniti avtomobillərinin dizaynının inkişafının ümumi istiqamətini də müəyyənləşdirir. Şirkət yeni üslub fəlsəfəsini origami, kimono və yapon mədəniyyətinin digər atributları ilə müqayisə edir. Görünən oldur ki, Infiniti dizaynerləri ibarəli həll yollarından imtina edərək minimalizm üslubuna üstünlük veriblər.
Məsələn, S-şəkilli dam sütunları keçmişdə qalıb. Kapot daha az çıxıntılı olub, qaldırılmış pəncərə xətti krossoveri vizual olaraq daha "ağır" və daha sanballı edib. Maraqlıdır ki, konsept ənənəvi arxa görüntü güzgülərinə malikdir. “Batırılmış” qapı tutacaqlarının seriya avtomobilində tətbiq edilməsi ehtimalı da böyükdür.
Texniki hissə haqqında yalnız ilkin məlumatlar mövcuddur. Görünən odur ki, yeni Infiniti QX60 modeli cari modelin köndələn yerləşən mühərrikdən və "əsas" ön ötürmədən ibarət olan quruluşunu qoruyub saxlacaqdır. Çox güman ki, atmosfer V6 mühərriki və CVT variatoru da saxlanılacaqdır. Bununla belə, yeni krossoverin mühərrik çeşidinə Infiniti QX50 krossoverindən götürülmüş dəyişkən sıxılma nisbətinə sahib olan 2.0-litrlik dördsilindrli turbomühərrikin daxil edilməsi ehtimalı da yüksəkdir.
Zavoddaxili JX indeksinə malik olan cari Infiniti QX60 krossoveri 2011-ci ildə debüt edib və 2012-ci ildə satışa çıxarılıb. O vaxtdan bəri iki modernləşdirilmiş krossover hələ də Şimali Amerika bazarında ən populyar Infiniti modelidir: keçən il 43 min avtomobil satılıb. 2019-cu ildə yapon markasının ümumi satışları 118 min avtomobil təşkil edib.