Jeep şirkəti ciddi cəhdlə 13 iyulda təqdim edilən Ford Bronco modelindən diqqəti yayındırmağa çalışır. Bu dəfə Jeep şirkəti Wrangler modelinin qoşulan hibrid (PHEV) versiyası əks etdirilən qısa videoçarxı yayımlayıblar.

15 saniyəlik videoda hibrid Jeep Wrangler yolsuzluqda hərəkət edir. Gözəl mənzərələr tarlada istirahət edən atlarla əvəz olunur. Tizerdə heç bir təfərrüatlar açıqlanmasa da, yalnız 4xe indeksi nümayiş etdirilir. Bununla birlikdə, videonun sonunda «Elektrikləşdirilmiş Jeep Wrangler 4xe, o qədər səssiz olacaqdır ki, təbiəti narahat etməyəcəkdir" yazısı peyda olur.

Hibrid güc qurğusu barədə hələlik məlumat verilməyib. İlkin məlumatlara görə, Wrangler 4xe modeli 3,6-litrlik V6 benzin mühərrikindən və avtomobilin altındakı xüsusi mühafizə olunan bölmədə yerləşdiriləcək elektromotordan ibarət olacaqdır.

Bu ərəfədə Jeep şirkəti Hemi V8 mühərriki ilə təchiz edilmiş Wrangler Rubicon 392 Concept prototipini təqdim edib. Bu yolla, konsern diqqəti növbəti nəsil Ford Bronco modelinin təqdimatından yayındırmağa çalışıb.