AvtoVAZ şirkəti Lada 4x4 modelinin adının dəyişdiyini elan edib: ofrouderin orijinal adı Niva geri qaytarılıb. İndi modelin tam adı Lada Niva Legend kimi səslənir.

Beləliklə, AvtoVAZ indi fərqli dizaynı olan üç Niva modelini istehsal edir: əvvəllər Chevrolet markası altında satılan model, bu yaxınlarda təqdim edilən Niva Travel versiyası və əvvəllər 4x4 olaraq tanınan ofrouder. Qarışıqlığın qarşısını almaq üçün, sonuncunun adına ingilis dilində "əfsanə" mənasını verən Legend sözü əlavə edilib.

Lada Niva Legend

Niva Legend modeli dünyada aparıcı kuzova, mərkəzi differensialı kilidləmə və azaldıcı pillələr cərgəsinə malik olan daimi tam ötürmə sistemi ilə təchiz edilən ilk ofrouderdir. Bu model kommersiya versiyaları da daxil olmaqla ondan çox variantda mövcuddur və beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışan 83 at qüvvəli 1,7-litrlik mühərriklə təchiz edilir.

Lada şirkətinin veb saytında avtomobilin adı dəyişdirilməyib, onun qiyməti isə 587,9 min rubldan (13,4 min manat) başlayır.

Lada Niva

2020-ci ilin yayına qədər Chevrolet markası altında satılan və daha sonra loqotiplərini Lada ilə dəyişdirən digər Niva modelinə gəlincə, onun istehsalı Lada Zapad Tolyatti müəssisəsində (əvvəllər GM-Avtovaz) aparılır. Bu model 738 min rubla (16,9 min manat) satılır və 80 at qüvvəli 1,7-litrlik mühərriklə təklif edilir.

Nəhayət, sonuncu versiya 2020-ci ilin dekabrında istehsalına başlayan Niva Travel versiyasıdır. Bu versiya ön hissənin tərtibatı ilə seçilir: ofrouder yeni işıq texnikasnaı və fərqli radiator barmaqlığına, LED arxa işıqlara və çıxıntılı arxa bamperə sahib olub. Bu versiya dizayn baxımından Toyota RAV4 modelini xatırladır

Lada Niva Travel

Lada Niva Travel modelinin qiyməti və satışlarının başlama tarixi hələlik açıqlanmayıb.