Güman edirəm ki, Lamborghini Miura modelinin italyan markasının tarixdəki ən gözəl avtomobillərdən biri olduğu ilə razılaşarsınız. O da məlumdur ki, ilk dəfə “superkar” adlandırılmış avtomobilin məhz Lamborghini Miura olduğu hesab edilir. 1967-ci ildə sportkarın testini keçirmiş “Car” dərgisi avtomobili belə adlandırıb.

Maestro Marçello Qandinin şah əsərlərindən biri sayılan Lamborghini Miura həqiqətən insanı ilk baxışdan özünə məftun edir edir. Bu səbəbdən də onun 1966-cı ildə Cenevrə avtosalonundakı debütü avtomobil aləmində böyük səs-küyə səbəb olub.

Britaniyalı dizayner Pedro Ruperto kütlə tərəfindən çox sevilən və tənqidçilərin diqqətini çəkmiş superkarın bu gününə öz baxışını nümayiş etdirib. Dizayner Miura modelinin xarakterik xüsusiyyətlərini – uzun kapotlu silueti, geriyə doğru çəkilmiş kabinanı və iri arxa dayaqları qoruyub-saxlayaraq, ona müasir Lamborghini superkarlarının cizgilərini verib. Ən maraqlı element isə, ön qanadlarda quraşdırılmış və ənənəvi güzgüləri əvəz edən kameralardır.

Qərar qəbul etmək səlahiyyəti məndə olsaydı, günü bu gün bu avtomobili seriyaya göndərərdim.