Lamborghini şirkəti Sant'Aqata Bolonyezedəki zavodundakı istehsal meydançasını tibbi maskaların və pleksiqlas qalxanların istehsal edilməsi üçün avadanlıqla təchiz edib. İstehsal edilmiş məhsulları İtaliyanın ən böyük xəstəxanasına - Bolonyadakı Sant'Orsola-Malpigi xəstəxanasına göndərəcəklər.

Lamborghini mətbuat xidmətindən verilən məlumata görə, superkarların interyerlərinin hazırlanması ilə məşğul olan şöbənin bütün əməkdaşları maskaların istehsalına cəlb edilib. Əməkdaşların sayı şirkətə gündə 1000 maska və 200 qalxan istehsal etməyə imkan verir. Üstəlik, qalxanları eksperimental dizayn bürosunda yerləşən 3D printerlərdə çap edirlər. Maskaları klinikaya göndərməzdən əvvəl, İtaliyanın Tibbi və Cərrahiyyə Elmləri Bölməsidə sertifikasiyadan keçirəcəkdirlər.

Lamborghini şirkəti, COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə qoşulan yeganə şirkət deyil. Müxtəlif ölkələrin tibb işçilərinə iri avtomobil istehsalçıları və hətta, Formula 1 komandaları kömək edirlər. Məsələn, bu ərəfədə Mercedes-AMG Petronas motoristlərinin 100 saat ərzində koronavirus infeksiyası olan xəstələrin normal nəfəs almalarına kömək edəcək cihazın prototipini hazırladıqları məlum olub.

Eyni zamanda, Mercedes-Benz şirkəti də, COVID-19 pandemiyasına qarşı mübarizəyə öz töhfəsini verib. Alman istehsalçısı tibb təşkilatlarına 3D sənaye printerlərinə çıxışı təmin edərək, lazımi komponentlərin çapına kömək etmək qərarına gəlib. Ferrari markasının sahibi olan Exor holdinqi mexaniki havalandırma cihazları alıb və təcili yardım xidmətləri üçün FCA konsernin istehsalı olan 300 avtomobili təqdim edib.