Yeni krossoverin təqdimatı iyun ayının 5-də keçirilməlidir. Bu günlərdə yapon avtomobil istehsalçısı yenil modelin ilk rəsmi tizerlərini dərc edib. Bu, yapon brendinin model cərgəsində Lexus UX modelindən bir pillə aşağıda qərarlaşacaq yığcam krossoverdir. Belə bir modelin buraxılacağı barədə şayiələr hələ 2020-ci ildə peyda olmuşdu.

Lexus bir müddət bundan əvvəl  LBX adını Avropada qeydiyyatdan keçirib və eyni zamanda onun premium brendin model xəttindəki ən kiçik ölçülü krossover olacaq yeni model üçün nəzərdə tutulduğunu bildirilib. LBX modelinin uzunluğunun 4,2 metrə çatacağı məlumdur. Müqayisə üçün, Lexus UX modelində bu ölçü 4,5 metrə bərabərdir.

Yeni krossover TNGA-B platformasını və hibrid mühərrikini Yaris Cross ilə bölüşəcəkdir. Xatırladaq ki, Yaris Cross modelinin təchiz edildiyi hibrid güc qurğusu 1,5 litrlik daxili yanma mühərriki və arxa oxa quraşdırılmış elektromotordan ibarətdir.

Toyota Yaris Cross Hybrid 100 km/saat həddinə 11,8 saniyəyə sürətlənir - oxşar göstəricini onun Lexus markasından olan premium "qardaşından” da gözləmək olar.

Avropadan başqa, Lexus LBX modelinin ABŞ-da da gözlənilir. Rəqiblərə gəlincə, yapon krossoverinin əsas rəqibi eyni sinifdə çıxış edən Audi Q2 modeli olacaqdır. Alman üçlüyünün digər iki yığcam krossoveri - BMW X1 və Mercedes-Benz GLA modrellərinə gəlincə isə, onlar ölçülərinə görə Lexus UX modelinə daha yaxındırlar.

Əlbəttə ki, Lexus emblemini daşıyacaq yenilik adi Yaris Cross krossoverindən daha bahalı olmalıdır: ilkin məlumatlara görə, onun satış qiyməti 27 min avro ətrafında olacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.