Mini şirkəti Los Ancelesdə John Cooper Works (JCW) GP xüsusi versiyasını təqdim edib. Hetçbekin ən güclü və yeyin versiyası BMW X2 M35i modelindən tanış olan 306 at qüvvəli dördsilindrli turbomühərriklə təchiz edilib.
Mini JCW GP modeli yerindən 100 km/saat həddini 5,2 saniyəyə toplayır. Onun maksimal sürət həddi 265 km/saat təşkil edir. Müqayisə üçün, eyni mühərrikə və 8-pilləli Steptronic qutusuna malik olan Mini JCW Clubman sürətlənməyə 4,9 saniyə sərf edir. Lakin, Clubman modelinin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb.
GP versiyası differensialın qapanmasına, gücləndirilmiş asqıya və 4-porşenli ön əyləc supportlarına malikdir. Digər JCW modellərində olduğu kimi, ötürmələri sükanaltı dəstəklərin vasitəsi ilə dəyişmək olar. Yeni modelin Nürburqrinqi qət etmə vaxtı bildirilməsə də, Mini JCW GP modelinin bu treki səkkiz dəqiqədən yeyin qət etdiyi məlumdur. Məsələn, bənzər vaxtı BMW M5 Competition sedanı göstərib.
Zahiri cəhətdən GP modifikasiyasını ikimərtəbəli antiqanadın, təkəır tağlarının iri genişləndiriciləri, yeni diffuzor, iri hava girişləri olan aqressiv bamperlər, və kapotdakı kısiklər daxil olan aerodinamik kuzov dəsti sayəsində tanımaq mümkündür. Bundan başqa, məhdud tirajla buraxılan hetçbeki GP yazıları və qırmızı haşiyələri olan xüsusi boyama, həmçinin 18-düymlük dördqollu təkər diskləri və Hankook 225/35 R18 şinləri sayəsində tanımaq olar.
Mini JCW GP modelinin interyeri John Cooper Wors xəttindən olan “adi” modellərdən salonun ikiyerli konfiqurasiyası ilə seçilir. Ön oturacaqların arxasında kuzovun sərtliyini artıran parlaq-qırmızı rəngə boyanmış tir durur. Bundan başqa, ayaqaltıda, kandarda, dirsəkaltında, oturacaqlarda və ön paneldə həkk edilmiş GP loqotipləri, həmçinin sükan çaxrındakı “12 saatı” göstərən gümüşü nişanı görmək olar. Hetçbekin təchizatı maksimala yaxındır. JCW GP modelinin təchizatına rəqəmsal cihazlar paneli, ikizonalı iqlim sistemi və qabaqcıl məlumat-əyləncə kompleksi daxildir. Yeganə çatışmamazlıq - oturacaqların elektriklə tənzimlənməməsidir.
Mini şirkəti JCW GP modelinin tirajının 3000 nüsxə ilə məhdudlaşdığını bildirib. Qeyd etmək lazımdır ki, birinci və ikinci nəsil Mini hetçbekinin “bərkgedən” versiyaları 2000 nüsxəlik tirajla buraxılıb. Yeni Mini JCW GP modelinin istehsalına gələn il başlanacaqdır. İlk avtomobillər diler salonlarında mart ayında nümayiş etdiriləcəkdirlər. Şimali Amerikada modelin qiyməti 45750 dollardan başlayır. Bu qiymətə ABŞ-da 340 at qüvvəli BMW M240i kupesini almaq olar.