Daha bir ənənəvi idman avtomobilləri istehsalçısı ilk krossoverini təqdim edib. Lotus çoxdan belə bir avtomobil arzusunda idi və hətta 2006-cı ildə beşqapılı alüminium kuzovu və kompressorlu V6 mühərriki olan Lotus APX konseptini hazırlamışdı. Halbuki o dövrdə belə avtomobillərin hazırlanması və istehsalının təşkili üçün şirkətin vəsaiti yox idi.

Bu arzu yalnız Lotus şirkətinin Geely holdinqinin qanadının altına keçməsindən sonra həyata keçirildi. Yeni sahibinin pulu və imkanı sayəsində Lotus şirkətinin çoxdankı arzusu nəhayət reallığa çevrildi. APX layihəsi rəfdən götürüldü və ... zibil qutusuna atıldı.

Artıq məlum olduğu kimi, benzin mühərrikli yeni Lotus modelləri olmayacaq: Emira idman avtomobili sonuncu yanacaqlı modeldir və onun üçün uzun konveyer həyatı nəzərdə tutulub. Krossoverin yaradılmasına isə sıfırdan başlanılıb - özü də, elektromobil formatında.

Krossover üzərində İngiltərə, Çin və Almaniyadakı mühəndislik mərkəzləri çalışıblar. Geely imperiyasının bir hissəsi olan İsveç-Çin brendi Polestar şirkətinin də təcrübəsi faydalı olub. Nəticədə, bu gün qarşımızada Hyper-SUV, yəni hiperkrossover kimi mövqeləndirilən Lotus Eletre modeli durur.  Amma bir məsələ var - Eletre, şirkətin qurucusu Kolin Çəpmənin Lotus avtomobillərinin sadə və yüngül olması ilə bağlı vəsiyyətinin unudulmasına səbəb olub.

Eletre beşqapılı kuzova malik olan ilk Lotus avtomobilidir. Qeyd etmək gərəkdir ki, ikinci oturacaq sırası olan avtomobillər əvvəl şirkətin tarixində var idi. Lotus Eletre ölçüsünə görə Lamborghini Urus krossoveri ilə müqayisə oluna bilən çox böyük avtomobildir.

Onun uzunluğu 5103 millimetr, hündürlüyü - 1630 millimetr, eni isə iki metrdən çoxdur. Avtomobilin oxları arasındakı məsafə 3019 millimetrdir. Ancaq benzin mühərrikli Lamborghini Urus modelinin çəkisi 2200 kiloqramdırsa, yeni elektrik Lotus Eletre modelinin boş çəkisi1995 kiloqramdır! Nə qədər qəribə olsa da, Kolin Çəpmənin prinsipləri burada da öz əksini tapıb.

Kuzovun güc strukturu yüksək möhkəmli polad və alüminiumdan, xarici panelləri isə alüminium və karbonplastikdən hazırlanıb. Krossoveri dizaynı üzərində şirkətin dizayneri Ben Peyn işləsə də, layihənin kuratoru keçən il Geely şirkətinin dizayn üzrə vitse-prezidenti vəzifəsini tərk edərək Lotus şirkətinə keçən məşhur Piter Horberi olub. Onun sözlərinə görə, irəliyə doğru sürüşdürülmüş salonu olan siluet, şirkətin ortamühərrikli idman avtomobillərinin firma xüsusiyyətidir.

Lotus Eletre qabaqcıl aktiv aerodinamika sisteminə malikdir. Arxa tərəfdəki hərəkət edən spoyler (müxtəlif hücum bucaqlarına malik üç mövqe var) işin yalnız yarısıdır. Ön bamperin aşağı hissəsindəki hava girişində yalnız lazım olduqda açılan, dartma batareyasının və elektrik mühərriklərinin soyudulması üçün havanı əyləclərə və radiatorlara yönəldən aktiv üçbucaqlı pətək formasında çəpərciklər var.

Yan güzgülərin yerinə kameralar quraşdırılıb, lakin onlar yalnız müəyyən bazarlarda təklif ediləcəkdirlər. Digər bazarlarda satılacaq versiyalar adi güzgülərlə təchiz olunacaqlar. Bütün işıq texnikası LED texnologiyasına malikdir, arxa işıqlar isə, parkinqdə dartma batareyasındakı cərəyan səviyyəsini göstərə bilərlər. Təkərin maksimal diametri 23 düymdür, opsional panoram damın isə açılan bölməsi yoxdur.

Lotus Eletre modelini əlavə ödəniş müqabilində gələcək avtopilot üçün dörd lidarla təchiz etmək olar: onlar damda (ön və arxada) və ön qanadlarda quraşdırılıb və yalnız lazım gəldikdə irəli çıxırlar. Əvvəlcə onlar standart elektron köməkçilər dəstinin bir hissəsi kimi işləyəcəklər, lakin proqram təminatının yenilənməsi ilə birlikdə tam hüquqlu dördüncü səviyyəli avtopilot peyda olacaqdır - ancaq şirkət bunun nə vaxt baş verəcəyini açıqlamyıb.

Krossover 800 voltluq elektrik sistemi olan yeni EPA (Electric Premium Architecture) modul platformasında inşa edilən ilk Lotus modelidir. Lotus Eletre adaptiv amortizatorları və arxada beş qolu olan pnevmatik asqıya malikdir. Opsiyalar arasında tənzimlənən klirens, tam idarələnən şassisi, aktiv stabilizatorlar və on porşenli mexanizmləri olan karbon-keramika əyləc mexanizmləri (baza əyləcləri daha sadədir) var.

Elektrik mühərrikləri, reduktor və idarəetmə bloku tək bir modulda birləşdiriliblər - bu, çəkinin azaldılması üçündür. Krossoverin debüt versiyası ümumi gücü “600 at qüvvəsindən çox” olan iki mühərrik (hər oxda bir) ilə təchiz edilib. Krossover üçün Range, Tour, Sport, Off-Road və fərdiləşdirilə bilən Individual hərəkət rejimləri nəzərdə tutulub. Dartma batareyasının tutumu “100 kilovatdan çoxdur” və krossover dolu batareya ilə 600 kilometrə qədər məsafə qət edə bilər.

Lotus Eletre modeli 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənə biləcəkdir. Lakin onun maksimal sürəti cəmi 260 km/saatdır. Xatırladaq ki, Urus modeli 100 km/saata 3,6 saniyəyə sürətlənir və 306 km/saatlıq maksimal sürətə malikdir. Eletre daimi cərəyan mənbəsindən 350 kilovatlıq yükləməni dəstəkləyir. 400 kilometrlik yürüş ehtiyatını 20 dəqiqəyə bərpa etmək mümkündür. Dəyişən cərəyanlı yükləmə cihazı 22 kilovata hesablanıb.

Lotus Eletre dörd və ya beş yerlik salonla təklif edilə bilər: birinci halda, iri mərkəzi dirsək dayağı və ona quraşdırılmış doqquz düymlük ekranı olan fərdi oturacaqlar var. Oturacaqların üzlənməsi üçün yun qarışığı olan bahalı Kvadrat parçasından istifadə edilir, interyerdə isə, təkrar emal olunmuş xammaldan hazırlanmış plastikə və karbonplastikə üstünlük verilir.

Adi cihazlar panelinin əvəzinə sürücünün qarşısında ən əsas məlumatları əks etdirən 30 millimetr hündürlüyə malik olan ekran quraşdırılıb. Bənzər köməkçi displey öndəki sərnişinin də ixtiyarına verilib. Bundan başqa, krossoverin standart təchiizatına tamamlanmış reallığı olan proyeksiya displeyi və media sisteminin 15,1-düymlük mərkəzi OLED ekranı daxil edilib.

Lotus avtomobilləri heç zaman media sistemi baxımından bu qədər qabaqcıl olmayıblar: internetə çıxış, səslə idarəetmə və daha çox şey var. Krossover üçün iki variantda KEF səs sistemi təklif edilir: baza variantı 15 dinamikə və 1380 vattlıq gücə, qabaqcıl versiya isə, 23 dinamikə və 2160 vattlıq gücə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverlər İngiltərədə istehsal olunmayacaqlar. Premium elektromobillər ailəsi üçün Çinin Uhan şəhərində 1,2 milyard dollara başa gələn yeni Lotus zavodu tikilib. Onun istehsal gücü ildə 150 min avtomobildir. Lotus markası özünün 70 illik tarixində heç zaman bu qədər avtomobil istehsal etməyib!

Lotus Eletre modelinin istehsalna bu ilin sonunda başlanacaqdır, satışların başlanması 2023-cü ilin əvvəlinə planlaşdırılıb. Üstəlik, krossover eyni vaxtda Çin, Böyük Britaniya və Avropada satışa çıxacaqdır. Daha sonra isə, dünyanın digər bölgələrinə də çatdırılmalara başlanılacaqdır. Eletre modelinn qiyməti 120 min avrodan başlamalıdır. Sonradan modifikasiya çeşidinin genişlənməsi də həyata keçiriləcəkdir: 2023-cü ildə E sinifindən olan “dördqapılı kupe” (Lotus Type 133) debüt edəcək, Type 134 kodu ilə işarələnmiş D sinifindən olan krossover isə 2025-ci ildə işıq üzü görməlidir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.