McLaren şirkəti tarixində ən mütərəqqi və yeyin modeli olan Speedtail superhibridi barədə ətraflı məlumatı dərc edib. Hiperkar tamamilə karbondan hazırlanmış kuzova, aktiv alüminium asqıya və antiqanad rolunu oynayan patentləşdirilmiş elastik eleronlara sahib olub. 106 nüsxədə buraxılacaq hiperkarlar artıq sahiblərini tapıbdırlar.
McLaren Speedtail xüsusi olaraq bu model üçün hazırlanmış karbon monokokunun əsasında inşa edilib. Uzanmış damcını xatırladan kuzov tamamilə karbondan hazırlanıb. Avtomobilin uzunluğu 5137 millimetrdir. Superhibrid alüminiumdan qolları olan aktiv asqı, karbon-saxsı əyləc mexanizmləri və Pirelli P-Zero şinlərinin xüsusi versiyası ilə təchiz edilir. Speedtail modelinin ümumi çəkisi 1430 kiloqramdır.
1050 at qüvvəsi hasil edən hibrid qurğu Speedtail modelini 300 km/saat həddinə 12,8 saniyəyə sürətləndirir. Müqayisə üçün McLaren P1 modeli bu işə 16,5 saniyə sərf edir. Hiperkarın maksimal sürət toplaması üçün Velocity rejimi nəzərdə tutulmuşdur. Tavanda quraşdırılmış idarəetmə konsolundakı düymə vasitəsi ilə aktivləşdirilən rejim güc aqreqatını tam gücü ilə çalışmasını və kuzovun 35 millimetr «oturmasını» təmin edir.
McLaren Speedtail hiperkarının kuzovunda hava axının optimal şəkildə bölünmısini təmin edən çoxlu sayda hava kanalları mövcuddur. Bu məqsədlərə avtomobilin ön disklərinin karbondan hazırlanmış hərəkətsiz aerodinamik qapaqları da xidmət edir. Aerodinamika nöqteyi-nəzərindən hiperkarın qapı dəstəkləri yoxdur, yan güzgülər isə yığışdırılan kameralar ilə əvəz edilmişdir. Avtomobilin arxa hissəsində elastik karbondan hazırlanmış hərəkət edən eleronlar yerləşdirilib.
Bu eleronlar karbon kuzov ilə vəhdət təşkil edir - hərəkət edən hissə ilə bərkidilmişin arasında 1 millimetr məsafə var. yüksək sürətlərdə bu eleronlar hiperkarın sabitliyini artırmağa xidmət edir. Onlar aerodinamik təzyiqin mərkəzini dəyişərək əlavə yerəbasma gücü hasil edir və hava əyləci kimi də işləyirlər.
Avtomobilin qapılarının aşağı hissəindəki dəliklər və arxa qanadların uclarındakı şaquli «ülgüclər» təkər tağlarındakı hava burulğanını azaltmaq üçündür. Güc aqreqatını soyudulmasına yönəldilən hava axını isə, kabinanın şüşə gümbəzinin arxasında yerləşdirilmiş və stop-siqnal ilə bölünmüş iki havalandırma girişindən mühərrik bölümünə daxil olur.
Superhibridin salonunda karbonplastikdən karkası olan üç oturacaq quraşdırılıb. Alın şüşəsinin yuxarı hissəsi özütündləşəndir. İnteryerin tərtibatında Richard Mille saat manufakturası tərəfindən hazırlanmış nazik karbon örtüyündən istifadə edilir.
Bu material 45 dərəcə bucaq altında hörülmüş çox nazik karbon liflərindən hazırlanıbdır və istənilən səthdə «axan su» şəklini yaradır. Bu materialdan yuxarı konsol, sükanaltı dəstəklər və sükandakı dekor elementləri hazırlanıbdır. Bundan başqa, avtomobilin tərtibatında unikal dəridən istifadə edilibdir. Dəri emal edilən zaman onun səthinə hava üfürülür ki, bu da materialı 30% yumşaq və yüngül olmasını təmin edir.
Superhibridin splittüri, diffuzoru isə Titanium Deposition Carbon Fibre materialından hazırlanıb. Bu material titan tozu səpələnmiş karbon lifindən ibarətdir.
McLaren Speedtail Track 25 strateji inkişaf planı çərçivəsində hazırlanmış ilk modeldir. Bu sənədə əsasən, şirkət yaxın 7 ildə 18 yeni avtomobil buraxacaqdır. Bu müddət ərzində markanın bütün superkarları hibridə çevriləcəkdirlər.
Həmçinin, bu proqram çərçivəsində yeni yardımçı idarəetmə sistemləri və yarış trekində 30 dəqiqəlik yürüşü təmin edəcək yüksək məhsuldarlıqlı batareyalar yaradılacaqdır.