Detroytda işinə başlamış avtosalonda Volkswagen şirkəti yeni nəsil Passat modelini təqdim edib. Əslində bu əvvəlki modelin dərin yenilənməsidir desək, yanılmarıq. Çində satılan adaşından fərqli olaraq amerikan modeli MQB modul platformasında deyil, əvvəlki PQ46 platformasında inşa edilib.

Köhnə platformanın qorunub-saxlanılması yenilənmiş sedanı bir sıra müasir avadanlıqdan məhrum edib. Məsələn, ABŞ-da satılan Passat virtual cihazlar panelinə və elektrik ötürməli dayanacaq əyləcinə sahib olmayacaqdır.Lakin, istehsalçı yeni Passat modelinin daha «vacib» xüsusiyyətlərə malik olduğunu israrla bildirir.

Eksteryer dizaynı yeni nəsil Volkswagen avtomobillərinə malik olan cizgilərə malikdir. Bunlara misal olaraq, iri radiator barmaqlığını, nazik formalı arxa fənərləri və pəncərəaltı xətti göstərmək olar. Amerikan Passat’ına xas olan üçpəncərəli şüşələnmə də qorunub. Hələlik, alman istehsalçısı sedanın 19-düymlük təkər disklərinə və aqressiv kuzov dizaynına malik olan R-Line dəsti ilə təchiz edilmiş modifikasiyasının şəkillərini dərc edib. Avtomobilin baza variantı daha «sakit» görkəmə və 17-düymlük disklərə sahib olacaqdır.

Volkswagen Passat modelinin standart təchizatına LED fənərlər, kondisioner, parça ilə örtülmüş oturacaqlar, avtomatik əyləcləmə sistemi və yardımçı sistemlər kompleksi daxil olacaqdır. Opsiyalar siyahısında isə, dəri salon, ikizonalı klimat-kontrol, arxa oturacaqların qızdırılması, adaptiv kruiz-kontrol, Fender audiosistemi və avtomatik parketmə sistemi vardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Passat 2,0-litrlik dörd silindrli turbomühərrik və altı pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Standart təchizata malik olan avtomobilin güc aqreqatı 176 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edir. Lakin, daha bahalı versiyada fırlanma anı 280 Nm təşkil edəcəkdir. Əlavə 30 Nm avtomatik qutunun təkmilləşdirilmiş hidrotransformatoru sayəsində əldə edilib.

Yeni Volkswagen Passat modelinin ABŞ bazarındakı satışlarına bu ilin yayında start veriləcəkdir. Sedanın istehsalı əvvəlki modelin istehsal edildiyi Çattanuqa şəhərindəki zavodda təşkil olunacaqdır. Model alnız amerikan bazarında satılacaqdır. Bizim bazarda satılan Passat modelini də yaxın zamanlarda restaylinq gözləyir.