Rolls-Royce şirkəti tarixində ilk dəfə olaraq "tam fantastik" bir konsept avtomobilini təqdim etmişdir. Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş Rolls-Royce Vision Next 100 adlı konsept BMW Group tərəfindən Bavariya markasının 100 illik yubileyinə həsr edilmiş dörd konseptdən biridir. Konseptual dəbdəbəli avtomobil kompozit materiallardan hazırlanmış "innovasion" platformada yığılmışdır.
Rolls-Royce Vision Next 100 konseptinin qabarit uzunluğu 5,9 metr, hündürlüyü isə 1,6 metr təşkil edir. Beləliklə, prototip ölçülərinə görə Phantom sedanının uzunbazalı variantını təkrarlayır.
Bu prototipdə Rolls-Royce şirkətinin yeni "dəbdəbənin dörd dayağı" strategiyası nümayiş etdirilmişdir ki, bu strategiya sayəsində Britaniya markası gələcək müştərilərinə avtomobilləri fərdiləşdirmənin "görünməmiş imkanlarını" təqdim edəcəkdir.
İlk konsepsiya "The Personal Vision" adlanır. Bu hər bir müştəriyə fərdi yanaşma deməkdir ki, onlar ekoloji cəhətdən təmiz güc aqreqatları ilə təchiz edilmiş müxtəlif ölçülü avtomobilləri sifariş edə bilərlər. Sifarişçi avtomobilin yaradılmasında bilavasitə iştirak edə, onun ölçülərini, formasını və siluetini seçə bilər.

"The Grand Sanctuary" sifarişçiyə arzuladığı və "dəbdəbədə tayı-bərabəri olmayan" interyer yaratmaq imkanı verir. Misal üçün, salon əllə hazırlanmış ipək və makas ebeni ilə işlənə bilər. Döşəmə isə, ağ rəngli xalı ilə döşənə bilər. Salonun təbii işıqlanması böyük panoram sayəsində mümkün olar.
Üçüncü dayaq - "Effortless Journey" adını almışdır ki, bu da sərnişinlərin ixtiyarına verilmiş "Ekstazın ruhu" formasında virtual bələdçinin olmasıdır. OLED-ekranlar tərəfindən tam ölçüdə göstərilən bələdçi səyahətin marşrutu barədə məsləhətlər və bu yerlərdəki bir sıra maraqlı faktlarla bağlı məlumatlar verə bilər.

Nəhayət sonuncu konsepsiya avtomobil "Haute couture"-ni xatırladan "Grand Arrival" konsepsiyasıdır. Prototip nadir Crystal Water rənginə boyanaraq, "gizlənmiş" təkərlərlə və 1920-ci illərin əsl "Fantom"larının üslubunda hazırlanmış iri "Ekstazın ruhu" heykəlciyi ilə təchiz edilmişdir. Avtomobilin qapıları açıldıqdan sonra yerdə qırmızı xalı proyeksiya ediləcəkdir.
Bu ilin mart ayında BMW şirkəti 100 illik yubileyə həsr edilmiş ilk konsepti təqdim etmişdir. Rolls-Royce şirkəti ilə yanaşı Vision Next 100 adlı konsepti Mini şirkəti də hazırlamışdır.