Mercedes-Benz şirkəti özünün ilk orta ölçülü pikapının təqdimat mərasimini 25 oktyabr tarixində Stokholm şəhərində keçirəcəkdir. Bu barədə məlumatı yeni konseptual pikapın cizgiləri nümayiş etdirilən video-tizerdə görmək olar.

Artıq məlumdur ki, Mercedes-Benz emblemini daşıyacaq pikap ramalı Nissan Navara pikapının cari nəslinin bazasında hazırlanacaqdır. İlkin məlumata görə, konseptin GLT-Class və ya X-Class adını alacaq seriya variantı 188 at qüvvəli 2,3-litrlik dörd silindirli, həmçinin 255 at qüvvəsinə malik olan 3,0-litrlik altı silindirli dizel mühərrikləri ilə təchiz ediləcəkdir. Bundan əvvəl, pikapın 2020-ci ildə konveyerə çıxacağı bildirilmişdir. Mercedes-Benz şirkətinin yeni pikap buraxacağı haqqında söz-söhbətlər artıq uzun müddətdir ki davam edir. Bununla belə, şirkət rəsmiləri avtomobil haqqında geniş məlumat verməkdən imtina edirlər.