Tesla şirkəti ilə rəqabət aparan Faradey Future şirkəti rəsmi olaraq ilk modelini təqdim etmişdir. Las-Veqasda keçirilən məişət elektronikası sərgisində (CES) təqdim edilmiş krossover FF91 atlandırılmışdır. 1050 at qüvvəsinə malik olan krossover dolu batareyalarla 700 kilometr məsafə qət etmək iqtidarındadır.
Faradey Future FF91 modelinin qabarit uzunluğu 5,2 metr, eni -2,28 metr, hündürlüyü - 1,59 metr, təkər bazasının uzunluğu isə 3,6 metr təşkil edir. Elektromobil Faradey Future tərəfindən hazırlanmış modul platformasında yığılmış, adaptiv şassi və tam idarəolunan şassi ilə təchiz edilmişdir. FF91 yerindən 96 km/saat sürətini 2,39 saniyəyə toplayır.
Elektrokrossoverin aerodinamik müqavimət əmsalı 0,25-ə bərabərdir. Müqayisə üçün, Tesla Model S və Toyota Prius modelində bu rəqəm 0,24-dür. İstehsalçı avtomobil üçün xüsusi 22-düymlük təkərlər hazırlamışdırlar ki, bu disklərin milləri yüksək sürətlərdə yaxşı aerodinamikaya malik olmaq üçün formasını dəyişmək qabiliyyətinə malikdirlər.
Krossover ümumi gücü 1050 at qüvvəsi və 1800 Nm fırlanma anına malik olan dörd elektromotorla təchiz edilmişdir.
Bu mühərriklər, Faradey Future və LG Chem şirkətlərinin birgə məhsulu olan litium-ion batareyalardan qidalanırlar. Bu batareyaların tutumu 130 kilovatt-saat təşkil edir. Xatırladaq ki, FF91 modelinin rəqibi olan Tesla Model X krossoveri 100 kilovatt-saatlıq tutumu olan batareyalarla təchiz edilir. Yeni krossoveri 110 və 240 voltluq şəbəkələr üçün nəzərdə tutulmuş 1,5, 10 və 15 kilovattlıq qidalanma qurğuları ilə sifariş etmək olar. Sonuncu qurğu batareyaları 4,5 saata doldurmağa imkan verir.
İstehsalçının sözlərinə görə, elektromobili dünyanın istənilən nöqtəsindəki qidalanma stansiyalarında doldurmaq mümkündür.
FF91 modeli çoxlu sayda vericiləri olan ən müasir avtopilotla təchiz edilir.
Krossover 10 kameraya, 12 ultrasəs vericisinə, 13 xüsusi radara və bir optik LİDAR məsafə ölçən qurğusuna malikdir. Sonuncu çalışan zaman ön kapotdan çıxır. Bundan başqa, krossover sürücüsüz sərbəst şəkildə park etməyi, həmçinin dayanacaqdan çıxaraq sahibinin olduğu yerə qayıtmağı bacarır. Eyni zamanda, orta dirəklərdə yerləşdirilmiş kameralar nəinki avtomobilin sahibinin üzünü aşkarlaya bilir, hətta onun emosiyalarını da “oxumaq” qabiliyyətinə malikdir.
Bu zaman o, audiosistemi və kreslonun massaj funksiyasını sahibinin tələbinə uyğun olaraq tənzimləyə bilər.
Əlavə olaraq FF91 internetə çıxışa, düyməyə basmaqla tündləşən panoram tavana, “sıfır qravitasiyalı” kreslolara və kürəkləri 60 dərəcə açılan arxa oturacaqlara malikdir. Müqayisə üçün, Maybach avtomobillərində bu dərəcə 43-ə bərabərdir. İstehsalçı artıq elektromobillərə sifarişləri qəbul edir. İlkin ödəniş 5000 dollar təşkil edir. Bununla belə krossoverin tam dəyəri açıqlanmamışdır.
İlk 300 krossover kuzovun elksklyuziv rənglənməsi və salon tərtibatı ilə buraxılacaqdır. Krossoverlər Faradey Future şirkətinin Nevadadkı zavodunda istehsal ediləcəkdirlər. Birinci 300 nüsxəlik tirajdan olan krossoverlər sahiblərinə gələn il çatdırılacaqdırlar. Qeyri-rəsmi məlumatlara əsasən bir Faradey Future FF91 krossoverinin satış qiyməti 150-200 min dollar arasında olacaqdır.