Alfa Romeo şirkətinin mart ayında keçiriləcək 87-ci beynəlxalq Cenevrə avtosalonunda Giulia Sprint modelini göstərəcəyi barədə şaiyələr dolaşmaqdadır. Kupe kuzovu alacaq Alfa Romeo Giulia modelinin Mercedes-Benz C-Class Coupe, BMW 4-Series Coupe və Audi A5 Coupe modellərinə rəqib olacağı məlumdur.

Qeyd etmək lazımdır ki, italyan istehsalçısı bu məlumatı rəsmi olaraq təsdiqləməmişdir. Alfa Romeo Giulia Sprint kupesinin təqdim ediləcəyi barədə məlumatı şirkət daxilindəki mənbələrinə istinadən nüfuzlu Motoring dərgisi dərc etmişdir. Bununla bərabər, dərginin əldə etdiyi məlumatda Alfa Romeo Giulia modelinin açıq modifikasiyasının – Giulia Spider kabrioletinin də buraxılacağı bildirilmişdir. Ehtimallara görə, Alfa Romeo Giulia Sprint (ad rəsmi olaraq təsdiqlənməmişdir) Giorgio paltformasında istehsal ediləcəkdir. Texniki cəhətdən kupe Giulia sedanı ilə bənzərlik daşıyacaqdır.

Xatırladaq ki, bizim bazarda Alfa Romeo Giulia sedanı 200 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərriklə təklif edilir. Bundan əlavə, 150 və 180 at qüvvəli 2,2-litrlik dizel mühərrikləri də sifariş etmək olar. Transmissiyalar – 6-pilləli “mexanika” və 8-pilləli “avtomatdan” ibarətdir. Modelin “qaynar” Alfa Romeo Giulia Veloce modifikasiyası da təklif edilir ki, bu modifikasiya da 280 at qüvvəli 2,0-litrlik benzin və 210 at qüvvəli 2,2-litrlik dizel mühərriki ilə təchiz edilir. Bundan başqa, avtomobiln “bərkgedən” Alfa Romeo Giulia Quadrifoglio Verde modifikasiyası da mövcuddur.

“Bərkgedən” sedan 510 at qüvvəli 2,9-litrlik iki kompressorlu altı silindrli mühərriklə hərəkətə gəlir.

Bir müddət bundan əvvəl, italyan istehsalçısının Giulia modelinin universal kuzovlu variantını Cenevrədə nümayiş etdirəcəyi barədə məlumat yayılmışdı. İstisna deyildir ki, biz Cenevrədə kupe kuzovlu modellə yanaşı Giulia universalı da görək.