Toyota şirkəti TJ Cruiser adlı yeni konsepti təqdim edib. TJ abbreviaturası Toolbox (alətlər qutusu) və joy (həzz) sözlərinin birləşməsindən yaranıb. İstehsalçı avtomobili furqonun genişliyini və ofroderlərə məxsus olan aqressiv dizaynı özündə cəmləşdirən «yeni janr» adlandırıb.

Toyota TJ Cruiser modelinin qabarit uzunluğu 4300 millimetr, eni - 1775 millimetr, hündürlüyü isə 1620 millimetr təşkil edir. Konseptin təkər bazasının uzunluğu 2750 millimetrə bərabərdir. Krossven RAV4 modelindən 30 millimetr qısadır və ölçülərinə görə Renault Duster və Hyundai Creta modellərinə yaxındır.

TJ Cruiser modelinin damı, kapotu və qanadları cızılmalardan müdafiəni təmin edən xüsusi örtüklə üzlənibdir. Avtomobil dörd yerli salona malikdir. Bununla belə, arxa oturacaqları və ön sərnişin kreslosunu hamar döşəməyə çevirmək mümkündür. Bu halda, salonda 3 metr uzunluğunda əşyaları daşımaq olar. Prototip TNGA modul platformasında inşa edilib və 2,0-litrlik benzin mühərrikinin əsasında hazırlanmış hibrid güc qurğusu ilə təchiz olunub. İstehsalçı avtomobilin güc xarakteristikalarını və dinamikasını açıqlamayıb. Toyota avtomobilin həm tam, həm də yalnız öndən çəkişli ola biləcəyini söyləyib.

Prototipin kütləvi nümayişi bu ayın sonunda keçiriləcək Tokyo avtosalonunda baş tutacaqdır. Konseptin seriyaya gedəcəyi barədə açıqlama verilməyib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt