Volkswagen şirkəti TCR (Touring Car Racing) çempionatının növbəti mövsümü üçün hazırladığı yenilənmiş Golf GTI yarış avtomobilini təqdim edib. Yarış avtomobilinin zahiri görkəmi yenilənmiş seriya hetçbekinə uyğun tərtib edilib. Yenilənmiş yarış avtomobilini 10 dekabr tarixinə qədər Essendə keçirilən avtosalonda görmək olar.

Yarış avtomobili seriya modelinin təkmilləşdirilmiş güc aqreqatı ilə təchiz edilir. 2,0-litrlik  dörd silindrli turbomühərrik 350 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. Güc aqreqatının dartma qüvvəsi altı pilləli sekvental ötürmələr qutusu vasitəsi ilə ön oxa ötürülür. Mühərrikin seriya variantı 230 at qüvvəsi, Performance versiyası isə, 245 at qüvvəsi hasil edir.

Yenilənmiş Golf GTI TCR modeli bu ilin ən uğurlu avtomobilinin xələfi olacaqdır. Belə ki, bu avtomobili idarə edən fransız pilot Jan-Karl Verne TCR seriyasının çempionu olub.

Yeni yarış avtomobilinin komandalara çatdırılmasına gələn ilin yanvar ayında başlanacaqdır.