Ən sürətli yol elektrokarının yaradıcısı olan Genovation Cars şirkəti yenilənmiş GXE kupesini təqdim edəcəyini bəyan edib. İstehlak elektronikası sərgisində təqdim ediləcək elektrokar daha güclü aqreqata malik olacaqdır.

Elektrokarın Chevrolet Corvette modelinin bazasında inşa edilən seriya öncəsi variantı iki elektromotor və invertorla təchiz edəcəkdirlər. Güc qurğusu yeddi pilləli mexaniki və ya iki muftalı roborlaşdırılmış ötürmələr qutusu ilə birlikdə çalışacaqdır. Güc qurğusu 800 at qüvvəsinə və 949 Nm fırlanma anına malik olacaqdır. Yerindən 100 km/saat həddinə Genovation GXE modeli üç saniyədən az müddətə sürətlənəcək və 354 km/saat maksimal sürətə malik olacaqdır.

Elektromobilin gediş ehtiyatı 300 kilometrin üzərində olmalıdır. Genovation firması elektrokarın ilk variantını 2016-cı ildə təqdim edib.

Kupe həmçinin iki elektromotorla təchiz edilirdi. Həmin güc qurğusu 660 at qüvvəsinə və 813 Nm fırlanma anına malik idi. Dolu batareyalarla kupe 210 kilometr qət etmək iqtidarında idi. Onun qiyməti 750 min dollar təşkil edirdi.