Honda Civic Type R modelini pikapa çeviriblər

Britaniya avtomobil istehsalçıları və dilerləri cəmiyyətinin təşkil etdiyi SMMT Test Day tədbirində Honda şirkəti son nəsil Civic Type R hetçbekinin əsasında inşa edilmiş pikapı nümayiş etdirib. Avtomobil yapon markasının Suindondakı zavodunun mühəndislik departamenti tərəfindən yığılıbdır.

Project P adını almış lahiyənin əsasını Honda Civic Type R modelinin seriyaöncəsi variantı təşkil edib. Dizaynerlər komandası avtomobili mərkəzi dayaqlardan sonrakı hissəsinin dizaynını dəyişib. Artıq burada yük platforması yerləşir.

Pikapın texniki hissəsi dəyişməz qalıb. O, 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik VTEC Turbo mühərriki və altı pilləli mexaniki transmissiya ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə “qaynar” pikap 5,7 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 265 km/saatdır.

Adi hetçbekdə olduğu kimi, pikap da idarəetmə elektronikasının komfort, idman və R+ trek rejimi ilə təchiz edilir.  Pikap yalnız şou-kar rolunu oynayır və seriya olaraq buraxılmayacaqdır.

ДРУГИЕ СТАТЬИ