2024-cü ildə növbəti ildönümünü qeyd edən Ford Mustang tezliklə bütöv bir avtomobillər ailəsinə çevrilə bilər. İkonaya çevrilmiş idman avtomobilinin mövcud olduğu 60 il ərzində o, yalnız kupe və ya kabriolet kuzovu ilə buraxılıb, lakin gələcəkdə bu məşhur ad altında sedan da buraxıla bilər. Ancaq krossoverlər və ya elektromobillər dəqiq olmayacaq - əlbəttə ki, Mach-E krossoverini saymasaq. Şirkət hibridlər yaratmağa hazırdır, lakin tam elektrik versiyalarından söhbət gedə bilməz. Yəqin ki, bu hal əfsanəvi modelin pərəstişkarlarını sevindirməlidir.

Ford şirkətinin baş direktoru Cim Farli Mustang ponikar ilə bağlı bir neçə açıqlama verib. Top menecer modeli çoxlu sayda modifikasiyada təklif edilən  Porsche 911 sportkarı kimi bir modelə çevirməyəcəyinə söz verib. O, Mustang brendi altında krossoverlərin və ya ofrouderlərin olmayacağını bildirib, lakin yaxın gələcəkdə dördqapılı versiya da işıq üzü görə bilər.

Ancaq əsas şərt - belə bir modelin Mustang üslubunu və ruhunu qoruyub saxlamasıdır. Qeyd etmək gərəkdir ki, 1960-cı illərdə Mustang  modelinin dördqapılı prototipi yaradılmışdı, 2022-ci ildə isə, maslkarın cari nəslinin təqdimatı zamanı Ford brendinin baş eksteryer dizayneri Kristofer Stivens eskizlərdə sedanın mümkün görünüşünü nümayiş etdirib.

Güc aqreqatlarına gəldikdə, bu məsələdə Cim Farli qətiyyətlidir - heç vaxt yalnız elektrik mühərriki ilə hərəkətə gələn Ford Mustang olmayacaq. Eyni zamanda, modelin xarakterik xüsusiyyətlərini itirmədən və xarakterini pisləşdirmədən hibrid güc qurğularına keçməsi də istisna olunmur. Lakin Ford rəhbərinin dediyi kimi, “Tanrı və siyasət” icazə verdiyi müddətcə, V8 benzin mühərriki idman avtomobilinin mühərrik çeşidində qalacaq.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.