CarScoops.com nəşri Toyota şirkətinin Prado üçün təklif etdiyi pərakəndə satış qiymətlərinin 56 - 77 min dollar arasında olduğunu bildirir, lakin yeni modelə olan yüksək tələbatdan istifadə edən dilerlər ofrouderin qiymətini artırmağa başlayıblar. Bir ay əvvəl Kaliforniyadakı satıcılar ofrouderin top versiyası üçün əlavə 21 min dollar tələb ediblər, indi isə, Virciniyadan olan bir diler yeni modeli 107 min dollara satır!

Maraqlıdır ki, Land Cruiser Prado ofrouderinin “premium” alternativi olan yeni Lexus GX modeli də ABŞ-da rəsmi olaraq satılır, lakin əfsanəvi modelə olan tələbat dilerlərə hədsiz qazanc əldə etməyə sövq edir. Jurnalistlər Toyota ofrouderi üçün 30 min dollarlıq qiymət artımını "şok" adlandırırlar, çünki Land Cruiser Prado modelinin qiyməti artıq 100 min dollarlıq psixoloji həddi keçib.

Hətta diler qiymətləri olmasa belə, Land Cruiser Prado 250 modelinin Amerikadakı qiymət siyahısı heç də təvazökar deyil. Məsələn, baza ofrouderi Yaponiyada iki dəfə ucuzdur, baxmayaraq ki, birbaşa müqayisə aparmaq heç də düzgün deyil, çünki ABŞ-da daha mürəkkəb texnikaya və zəngin təchizata malik olan hibrid versiyası satılır, öz vətənində isə, Prado atmosfer benzin mühərriki, parça salonu və minimum avadanlığı olan sadə versiyalarda təklif edilir.

Şübhə yoxdur ki, tələbat azaldıqca, yüksək qiymətlər də tarixə çevriləcək. Toyota Land Cruiser Prado ABŞ-da heç bir məhdudiyyət olmadan əlçatandır. Satışlar yenicə başlayıb, ona görə də hələlik müştərilər qarşısında iki seçim var: ya ofrouderi tövsiyə olunan qiymətə almaq üçün gözləmək, ya da daha çox ödəyərək indi əldə etmək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.