Audi şirkətinin bayraqdar sedanı olan A8 modelinin yeni nəslinin təqdimat tarixi yaxınlaşdıqca, avtomobil haqqında verilən məlumatın sayı da artmaqdadır. Bu günlərdə alman istehsalçısı yeni bayraqdarın bir sıra sistemləri haqqında danışib.

Bunlardan biri tıxaclar zamanı sürücüyə yardım edən köməkçidir. Bu sistemə həsr edilmiş videoçarxda avtomobilin iç məkanının bir hissəsi də görüntülənib. Bunların arasında tam rəqəmsal cihazlar panelidir. Məlumdur ki, sedan Virtual Cockpit sisteminin yenilənmiş variantını əldə edəcəkdir. Sistem yaxşılaşdırılmış qrafikaya və genişləndirilmiş fərdiləşdirmə imkanlarına malikdir.

Bundan başqa, çarxda multimedia sisteminin displeyi də təsvir olunub. Bu displey son tendensiyaların əksinə ön panelin üst tərəfində deyil, panel ilə eyni səviyyədə yerləşdirilib. Həmçinin, əyləncə kompleksinin arxa sərnişinlər üçün nəzərdə tutulmuş ekranlarını da görmək olar.

Yeni Audi A8 modeli sərbəst şəkildə sürət yığa və ya əyləcləməni həyata keçirə, həmçinin 60 km/saat həddinə qədər sürətlərdə manevrlər edə bilər. Bu zaman, sürücünün sükanı tutmasına ehtiyac yoxdur. Lakin, avtopilotun imkanlarının bir sıra beynəlxalq standartlara görə məhdudlaşdırılması gərək ola bilər.

Audi A8 sedanının yeni nəsli həmçinin avtomatik parklanma sisteminə də malik olacaqdır. İstehsalçının dərc etdiyi çarxda avtomobilin sərbəst şəkildə qaraja girdiyi göstərilib. Sedanın sürücüyə yardım funksiyalarına həsr edilmiş digər bir çarxda Hörümçək-adamın sürücülük vəsiqəsini almaq üçün imtahan verdiyi təsvir edilmişdir. Qeyd etmək lazımdır ki, superqəhrəmanı bu rolun əsl ifaçısı Tom Holland oynayıb. 

Audi A8 modelinin yeni nəsli MLB Evo modul platformasında hazırlanmışdır ki, bu platforma modelin çəkisini azaltmağa imkan vermişdir.

Dizayn cəhətdən avtomobil prologue konsepti ilə bənzərlik daşıyacaqdır. Sedanın mühərrik çeşidinə altı, səkkiz və on iki silindrli benzin mühərrikləri, həmçinin altı silindrli dizel aqreqatları və hibrid qurğu daxil ediləcəkdir.  Yeni A8 ilə birlikdə Audi 48-voltluq şəbəkəyə malik olan mild hybrid (MHEV) sistemini tətbiq edəcəkdir.

Yeni bayraqdarın rəsmi təqdimat mərasimi 11 iyul tarixində markanın Barselonada keçiriləcək sammitində baş tutacaqdır. Onun kütləvi təqdimatı isə, sentyabrda işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.