Audi şirkəti ən gözlənilən yeniliyini, yeni nəsil Audi A6 sedanını təqdim edib. Yeni sedanın kütləvi təqdimat mərasimi bir neçə gündən sonra işinə başlayacaq 88-ci beynəlxalq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Dünən yeni sedanın rəsmi şəkilləri internet şəbəkəsinə sızdığına görə modelin eksteryeri artıq heç kim üçün sirr deyildir. Yeni nəsil Audi A6 sedanı flaqman modeli olan A8 və A7 Sportback lifteki ilə eyni dizayn üslubunda xarici görkəmə malik olub. Qeyd etmək lazımdır ki, sedanın interyer tərtibatı A7 modeli ilə eynidir – hətta mərkəzi konsolun sürücüyə tərəf dönmə bucağı da dəyişilməz qalıbdır. A7 modelində olduğu kimi, A6 sedanın ön panelində analoq düymələrindən və coystiklərindən əsər-əlamət qalmayıb.

Yuraxırıda yerləşən 10,1-düymlük displey multimedia sisteminə və avtomobilin tənzimləmələrinə  cavabdehdir. Aşağıdakı 8,6-düymlük displey isə klimat-kontrola və mətnin daxil edilməsinə nəzarət etməyə imkan verir. Səsli müşayətdən başqa, “xaptik” əlqəni də aktivləşdirmək olar: bu zaman displey toxunmaya vibrasiyalarla cavab verəcəkdir. Yəqin ki, yeni Audi A6 sedanının 12,3-düymülük virtual cihazlar panelinə malik olduğu barədə danışmaq yersizdir. Artıq Audi modellərini bu panelsiz təsvir etmək çətindir.

Opsiyalar arasında göstəriciləri alın şüşəsində əks etdirən proyeksiya sistemi də vardır. MMI multimedia sistemi yeddi sürücünün fərdi tənzimləmələrini yadda saxlaya bilər.

Üstəlik, multimedia sistemi smartfonun vasitəsi ilə avtomobilin parametrlərinə məsafədən nəzarət etməyə və yaxud mühərriki işə salmağa, həmçinin avtoparkçını idarə etməyə və ənənəvi açarı smartfonla əvəz etməyə imkan verir.

Əvvəlki nəsil ilə müqayisədə sedanın qabaritləri demək olar ki dəyişməyib. Sedanın qabarit uzunluğu 4939 mm (+ 7mm), eni – 1886 mm (+ 12 mm), hündürlüyü isə 1457 mm (+2 mm) təşkil edir. Sedanın təkər bazası 12 mm artaraq 2924 mm bərabər olub.

Yeni nəsil Audi A6 sedanın kuzovu əsasən poladdan hazırlansa da alüminiumdan olan elementlər də az deyildir. Bunlara misal olaraq, ön asqının fincanları, qapıları, qanadları, kapotu, baqaj qapağını göstərmək olar. Modelin aerodinamik müqavimət əmsalı 0,26-dan 0,24-ə endirilib. Avtomobilin salonu da bir qədər geniş olub: salonun hündürlüyü və oturacaqlar  cərgəsi arasındakı məsafə artıb. Baqaj bölümünün həcmi dəyişməyib – 530 litr.

Opsiyalar arasında HD Matrix LED martisa fənərləri, dörd zonalı klimat-kontrol, havalandırma və massaj funksiyası olan multikonturlu ön oturacaqlar,  zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol daxildir. Kruiz-kontrol beş radar, beş kamera, on iki ultrasəs vericisi və bir lazer skanerindən məlumat alır.

Hələlik Audi A6 modeli A7 Sportback modelindən tanış olan iki güclü modifikasiyada təqdim edilib. Özü də, onların hər ikisi Mild Hybrid -“yumşaq hibrid” sisteminə malikdirlər. Bu avtomobilin startyor-generator və litium-ion batareyaları ilə təchiz edildiyindən xəbər verir. Sistem 48 voltluq cərəyanla çalışır, tıxaclarda və yaxud gillənmə ilə gedən zaman mühərriki söndürməyə imkan verir. Əyləcləmə zamanı elektronika mühərriki 22 km/saat sürətində söndürür, işıqfordan start zamanı isə mühərriki öndəki avtomobilin tərpənməsi ilə eyni zamanda işə salır. Bu yolla mühəndislər 100 kilometrə 0,7 litr yanacağa qənaət ediləcəyinə zəmanət verirlər.

Audi A6 55 TFSI modeli 340 at qüvvəsi və 500 Nm hasil edən 3,0-litrlik altı silindrli turbomühərrik, yeddi pilləli S tronic “robotu” və quattro ultra tam çəkiş sistemi ilə təchiz edilir. Belə sedan 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir. Audi A6 50 TDI modifikasiyası isə 286 at qüvvəsi və 620 Nm malik olan üç litrlik turbodizel, səkkiz pilləli “avtomat” və özüqapanan mərkəzi differensialı olan tam çəkiş sistemi ilə təchiz edilir. Əlavə ödənişlə arxa dartma vektorunu dəyişən idman differensialını da sifariş etmək olar.   Avtomobilin 2,0-litrlik mühərriklər ilə təchiz edilən variantları sonradan təklif ediləcəkdir.

Şassiyə gəldikdə isə, yeni Audi A6 üçün dörd asqı sistemi təklif edilir ki, bunlardan üçü yayla təchiz edilən standart, idman və adaptiv asqılarıdır . Sedanın ən bahalı variantı tənzimlənən amortizatorları olan pnevmatik asqı ilə təklif edilir. Yeni A6 sedanını arxa təkərləri beş dərəcə dönə bilən tam idarələnən şassi ilə də sifariş etmək mümkündür.

Almaniyada yeni Audi A6 sedanının satışları iyun ayında başlayacaqdır. Sedanın satış qiyməti də elan edilib. Dizel sedanı 58050 avroya satılacaqdır ki, bu da təqaüdə yollanan cari modeldən 2500 avro bahadır. Azərbaycan bazarında yeni modelin satışlarına gələn il başlanacaqdır. Yeni Audi A6 modelinə sifarişlər yerli nümayəndə tərəfindən bu ilin sonunda qəbul ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt