Yeni Mercedes-AMG GT modelini rəsmi təqdimatdan əvvəl görmək olar, lakin bunun üçün pul ödəmək gərəkdir. Alman avtomobil istehsalçısı iyulun 10-dan 13-dək Affalterbaxda keçirilən xüsusi ödənişli tədbir çərçivəsində ikinci nəsil Mercedes-AMG GT modelinin ilkin baxışını keçirəcəkdir.

Hər kəsdən əvvəl yeniliyi görmək imkanı 450 avroya başa gəlir və ilk üç gün üçün biletlər artıq tamamilə satılıb. İlkin nümaayiş hər biri 24 nəfərdən ibarət bir neçə qrup üçün keçiriləcəkdir.

Biletin qiymətinə Mercedes-AMG GT modelinin yeni nəslinin təqdimatı, AMG şirkətinin baş ofisinə ziyarət, zavoda ekskursiya və SL63, C63 SE Performance və EQE 53 modellərinin test-drayvları daxildir. Lakin məhdudiyyətlər də mövcuddur: biletlər yalnız 21 yaşdan yuxarı və sürücülük vəsiqəsi olan AMG Private Lounge klubunun üzvlərinə satılır. Hər qrupda 24 nəfər ziyarətçi olmalıdır.

Ödənişli tədbirin elanı yeni Mercedes-AMG GT kupesinin tizeri ilə müşayiət olunur - intriqanı saxlamaq üçün kupe sıx örtük altında nümayiş etdirilib. Bununla belə, ikinci nəsil superkarın dizaynı artıq sirr deyil: ilin əvvəlində internetə üzərində kamuflyaj olmayan avtomobilin şəkli sızmışdı.

Nəsil dəyişikliyi ilə Mercedes-AMG GT yeni optikanı əldə edəcək, bamperin forması və radiator barmaqlığının dizaynı dəyişəcəkdir. Bəzi eksteryer detallarına gəlincə, kupe AMG SL kabrioleti ilə unifikasiya ediləcək, xüsusən də onlar eyni arxa görüntü güzgülərinə, qapı tutacaqlarına və təkər disklərinə malik olacaqlar.

Qeyri-rəsmi məlumatlara görə, AMG GT modelinin ikinci nəsli, hibrid qurğunun tərkib hissəsi olacaq, 600 və ya 800 at qüvvəsi hasil edən 4,0-litrlik V8 mühərriki ilə təchiz ediləcəkdir. Bundan əlavə, yenilin 4Matic + tam ötürmə sistemini alacağı da ehtmal edilir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.