Ümumiyyətlə, üçüncü nəsil Peugeot 3008 krossoverinin dünya təqdimatı sabaha, 12 sentyabr tarixinə planlaşdırılıb. Lakin ötən həftəsonu gözlənilməz hadisə baş verib: internetdə avtomobilin rəsmi şəkilləri peyda olub. Şəkillər kiçik və olduqca aşağı keyfiyyətli olublar: görünən odur ki, onları təqdimat ərəfəsində faylları alan məsul şəxslərdən biri "sızdırıb". Peugeot bu sızıntıya dərhal reaksiya verib və görüntünü korlamamaq üçün eyni şəkilləri dərc edib. Beləliklə, artıq yeni Peugeot 3008 krossoverininn görünüşü sirr deyil.

Peugeot 3008 modeli hər nəsil dəyişikliyi ilə öz form-faktorunu dəyişir. 2009-cu ildə debüt etmiş ilk model təkhəcmli siluetə malik idi, 2016-cı ildə işıq üzü görmüş ikinci nəsil ənənəvi krossoverə çevrildi, və nəhayət yeni model artıq kupeşəkilli krossoverdir. Tərtibatçılar belə dəyişikliyi təkcə dəblə deyil, həm də aerodinamika ilə izah edirlər, çünki yeni kross-kupenin çeşidində sırf elektrik E-3008 versiyaları da olacaqdır. Məlum məsələdir ki, elektrokarlar üçün axıntılı kuzov xüsusilə vacibdir.

Təəssüf ki, avtomobil haqqında hələlik texniki detallar yoxdur, onlar yalnız sentyabrın 12-də açıqlanacaqlar. Məlum olan isə, Peugeot 3008 modelinin EMP2  arxitekturasınınnövbəti təkamülü olan və elektrik versiyaları yaratmaq üçün uyğunlaşdırılmış STLA Medium modul platformasında inşa edildiyidir. Fransız mediasının bildirdiyinə görə, 3008 üç elektrik versiyasında - fərqli dartma mühərrikləri və batareyaları ilə təklif ediləcəkdir. İki mühərrik ilə təmin olunan tam ötürmə sistemi də gözlənilir və ən uzunmənzilli modifikasiya dolu batareya ilə 700 kilometrə qədər məsafə qət edə biləcək.

Sırf elektrik dartması ilə hərəkətə gələn Peugeot E-3008 versiyası ilə yanaşı, daxili yanma mühərrikli hibridlər də buraxılacaqlar. Başlanğıc versiyası 1,2-litrlik turbomühərrik, 48 voltluq elektrik mühərriki və 0,9 kilovat-saatlıq batareya (bu sistem keçən il debüt edib), daha güclü plagin hibrid isə 1,6-litrlik “turbodördlük” və 21 kilovat-saatlıq batareya ilə təchiz ediləcək. Bununla belə, modifikasiya çeşidində dizel mühərriki və ya mexaniki transmissiya ilə təchiz edilmiş versiyalar olmayacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeri gəlmişkən, yeni Peugeot 3008-in interyeri hələ iyun ayında tamamilə açıqlanıb. İndi isə, sadəcə bu avtomobillərin istehsal olunacağı Soşo (Fransa) şəhərindəki zavodda baş tutacaq tam təqdimatı gözləmək qalır. Yeni krossoverin satışlarına 2024-cü ilin yazında başlamaq planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.