Citroen şirkətinə məxsus premium avtomobillər subbrendi olan DS markasının DS7 Crossback krossoveri ətrafında cərəyan edən triller davam edir. Bir müddət bundan əvvəl, yeni krossoverin kamuflyajsız fotoşəkilləri internet şəbəkəsində yayılmışdır. Bu gün dərc edilmiş fotoşəkillərə iki yenisi də əlavə edilmişdir.

Worldscoop saytı tərəfindən dərc edilmiş şəkillərdə avtomobilin görüntüsü daha dəqiqdir. Eyni zamanda, fotoşəkillərin birində DS7 Crossback modelinin arxa hissəsinin dizaynı da əks etdirilmişdir. Görünür fransız istehsalçısı porensial müştərilərin reaksiyasını öyrənmək üçün şəkillərin sızdırılmasına bilərəkdən göz yumur. Xatırladaq ki, yeni avtomobilin ilk görüntülərini DS markasının başçısı İv Bonnefon yaymışdır.

O, avtomobilin elektron cihazlar paneli, sükan və qapı panellərinin tərtibatı da daxil olmaqla interyerinin detallarını göstərmişdir. 

Yüksək vəzifəli menecer həmçinin avtomobilin avtonom idarəetmə sisteminə və 21 əsrin unikal DS-asmasına malik olduğunu yazmışdır. 

Söhbət fransız istehsalçısının hidropnevmatik asmanı əvəzləyəcək yeni hazırlanan sistemindən gedir. İlkin məlumatlara əsasən, DS markalı yeni avtomobil EMP2 modul platformasında yığılacaqdır. Krossover tərkibinə 1,5-litrlik dizel mühərriki daxil olan hibrid güc qurğusu ilə hərəkətə gələcəkdir. Krossoverin ən güclü modifikasiyası 240 at qüvvəli mühərriklə təchiz ediləcəkdir. Yeni DS krossoveri fransız istehsalçısına Audi Q5 və BMW X4 modelləri ilə rəqabət aparmaq şansı verməlidir.

Krossoverin Avropa bazarında da satılması planlaşdırılır.