Automobile dərgisinin sərəncamına Mercedes-Benz şirkətinin hazırladığı Project One kod adlı hiperkar haqqına yeni məlumatlar daxil olmuşdur. Hiperkarın bağlı təqdimat mərasimində iştirak etmiş alman markasının müştərilərindən biri, onun 1020 at qüvvəli güc qurğusunun tərkibinə dörd elektromotorun daxil olduğunu bildirmişdir.

Adının açıqlanmasını istəməyən müştəri Project One modelini sifariş verdiyini söyləmiş və hiperkarı növbəti şəkildə təsvir etmişdir: «Bu avtomobil həqiqətən hər cəhətdən ekstremal bir avtomobildir». Bununla belə, hiperkarın hibrid güc qurğusunun tərkibinə daxil olan 1,6-litrlik mühərrikin gücünün 748 at qüvvəsi olduğu söylənilir. Bu altı silindrli mühərrik dəqiqədə 11 min dövrəyə qədər sürətləndirilə bilər. Qurğunun elektrik qüvvəsi isə 408 at qüvvəsi təşkil edəcəkdir.  İki elektromotor ön oxda yerləşdiriləcək, daha iki elektrik mühərriki isə turbinanın ötürməsi və dirsəkli val üçün istifadə ediləcəkdir.

Mercedes-AMG bölməsinin rəhbəri Tobias Moers bir müddət bundan əvvəl hiperkarın elektrik komponentlərinin Formula 1 bolidindən götürüldüyünü bildirmişdir. Ehtimallara görə, 1,6-litrlik mühərrikin yürüş ehtiyatı 50 min kilometrə bərabərdir. Bu göstəricidən sonra mühərrik ya dəyişdirilməli, yaxud da ki, təmir edilməlidir. Automobile dərgisinin verdiyi məlumatda avtomobilin çəkisinin 1300 kiloqram olduğu da bildirilmişdir. Frankfurt avtosalonunda nümayiş etdiriləcək hiperkarın ehtimal olunan qiyməti 2,4 milyon avro olmalıdır. Əvvəllər hiperkarın bütün tirajının satıldığı bildirilmişdir.