Audi şirkəti 2020-ci ilə qədər üç ədəd elektromobil buraxmağı planlaşdırır. Bundan əlavə, alman istehsalçı 2025-ci ilə qədər satığı hər dörd avtomobildən birinin elektromobil olacağını bildirmişdir. Bu barədə məlumatı "Heilbronner Stimme" nəşrinə müsahibə zamanı Audi şirkətinin baş direktoru Rupert Ştadler vermişdir.

Yaxın illər ərzində alman istehsalçısı diqqətini elektrik enerjisi ilə hərəkətə gələn nəqliyyat vasitələrinin, avtonom idarəetmə sistemlərinin və rəqəmsal xidmətlərin işlənib-hazırlanması üzərində cəmləmək niyyətindədir. Xatırladaq ki, bir müddət bundan əvvəl, Audi şirkətinin Audi e-tron quattro konseptinin əsasında yaradılan elektrik krossoverinin üzərində çalışdığını bildirmişdirk. Bildiyimiz kimi, adıçəkilən konsept 2015-ci ildə keçirilmiş Frankfurt avtosalonunda təqdim edilmişdir.

Bundan başqa, Rupert Ştadler alman şirkətinin bir neçə populyar olmayan modeldən də yaxa qurtarmaq niyyətində olduğunu bildirmişdir. İlkin məlumatlara görə, ixtisara düşən modellər arasında A1 modeli və A3 hetçbekinin üçqapılı variantı vardır. Bundan başqa, A3 Cabriolet modeli də ixtisara salınacaq.