Hyundai şirkəti mart ayının əvvəllərində qapılarını ziyarətçilərin üzünə açacaq beynəlxalq cenevrə avtosalonunda yeni nəsil i30 modelinin universal kuzovlu variantını təqdim edəcəkdir. Artıq istehsalçı yeni universal məxsus olan tizeri də dərc etmişdir.

Böyük ehtimalla universalın dizaynı heçbkin dizaynından elə də fərqlənməyəcəkdir. Hyundai I30 wagon modifikasiyası daha uzun tavan xəttinə və müvafiq olaraq daha iri baqaj bölümünə malik olacaqdır. Bildiyimiz kimi, universalın cari variantı 528 litr tutumu olan baqaj bölümünə malikdir. Çox güman ki, yeni universal sələfinə nisbətən daha geniş iç məkan təklif edəcəkdir. Bundan başqa, universal hetçbek modeli iləı mühərrik çeşidini də bölüşəcəkdir.

Xatırladaq ki, yeni Hyundai i30 hetçbekinin mühərrik çeşidinə üç benzin və üç dizel güc aqreqatı daxil edilmişdir. Benzin güc aqreqatları 100 at qüvvəli 1,4-litrlik atmosfer  mühərriki, 120 at qüvvəli üç silindirli 1,0-litrlik və 140 at qüvvəli 1,4-litrlik turbomühərriklərlə təmsil edilir.  1,6-litrlik dizel güc aqreqatı üç güc variantında – 95, 110 və 133 at qüvvəli variantlarda təklif edilir. Güc aqreqatları 6-pilləli mexaniki və ya 7-pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır.