Niderland istehsalçısı olan Zenvo firması 87-ci Beynəlxalq Cenevrə avtomobil sərgisində TS1 superkarının xüsusi «yubiley» modifikasiyasını nümayiş etdirmək niyyətindədir. Zenvo TS1 GT superkarı firmanın 10 illik yubileyinə həsr edilmişdir.

Qeyd etmək gərəkdir ki, TS1 modeli əvvəllər buraxılan ST1 superkarını əvəz etmişdi. Zenvo TS1 sələfindən cüzi olaraq fərqlənirdi. Superkar yeni qabaq splitter, təkmilləşdirilmiş arxa diffuzor və yenilənmiş antiqanadla təchiz edilmişdi. Superkar həmçinin, yeni arxa bamper, səsboğucu sistem, Michelin Pilot Super Sport və yaxud Michelin Pilot Sport Cup 2 şinləri geyindirilmiş öndə 19, arxada isə 20 düymlük döymə alüminium təkər diskləri ilə təchiz edilirdi. Yeni superkarın qabarit uzunluğu 4680 millimetr, eni - 2155 millimetr, hündürlüyü isə 1198 millimetr təşkil edir. TS1 GT superkarının təkər bazasının uzunluğu 2960 mllimetrə bərabərdir. Avtomobilin klirensinin 110 millimetr olduğu bildirilmişdir. Zenvo TS1 GT modeli karbon-saxsı əyləc mexanizmləri, özüqapanan arxa differensialı və tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru ilə təchiz edilir. Avtomobil həmçinin, hidravlik qaldırma mexanizmi olan təkmilləşdirilmiş KW asqıları ilə də təchiz ediləcəkdir.

Fjord Blue rənginə boyanmış avtomobil tamamilə karbondan hazırlanmış kuzova malikdir və polad-alüminium monokok üzərində yığılmışdır. Avtomobilin kapotunun bir hissəsi və tavanı qara rəngə boyanmışfır və qızılı haşiyəyə malikdir. 1580 kiloqramlıq çəkiyə malik olan Zenvo TS1 GT superkarı 5.8 litrlik iki turbokompressorlu mühərrik və 7-pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Güc aqreqatı 1163 at qüvvəsi və 1100 Nm fırlanma anı təklif edəcəkdir.

İstehsalçı avtomobilin 100 km/saat həddinə 2,8 saniyəyə sürətləndiyini və 402 km/saat maksimal sürət həddinə malik olduğunu bildirmişdir.  

«Yubiley» modelinin qiyməti 1160000 avro təşkil ediləcəkdir. Avtomobilin buraxılacağı tiraj haqqında heç bir məlumat verilməmişdir. Xatırladaq ki, Zenvo TS1 modelinin tirajı 15 ədədlə məhdudlaşdırılmışdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt