Bu günlərdə Lexus markasının yeni hazırlanacaq krossoverləri barədə məlumat peyda olmuşdur. Nüfuzlu kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, yaxın zamanlarda yapon istehsalçısı RX modelinin yeddi yerlik variantını təqdim edəcəkdir.

Yığcam Lexus UX krossoverinin təqdimatı gələn ilə planlaşdırılsa da, yeni krossoverin seriya istehsalına 2019-cu ildə başlanacaqdır. Bununla belə, verilən məlumata əsasən yeddi yerlik Lexus RX modeli ayrıca model olmayacaqdır. O, cari Lexus RX modelinin modernləşdirilmiş versiyası olacaqdır ki, bu dan avtomobilin təkər bazasının və arxa hissəsinin dəyişəcəyindən xəbər verir. Yapon markasının Avropadakı dilerləri yeddi yerlik krossoverin bu ilin sonunda şourumlarda peyda olacağını bildirmişdirlər.

Artıq Lexus şirkəti RX 350L və RX450hL əmtəə nişanlarını da qeydiyyata aldırmışdır. Sonuncu uzun bazalı variantın hibrid güc qurğusu ilə təklif ediləcəyinə işarə edir.

Dünya bazarında yedi yerlik RX krossoveri Acura MDX və İnfiniti QX60 modelləri ilə rəqabət aparacaqdır. Yapon şirkətinin rəhbərliyi yeni krossover sayəsində satışların artacağına ümid edir. Bu əsasən də “geniş salonlu avtomobilləri sevən” şimaliamerikan bazarına aiddir. Yeri gəlmişkən, keçən il Lexus ABŞ-da 110 min ədəd RX krossoverini satmışdır.

Lexus UX concept modelinin motivləri əsasında yaradılmış eyni adlı krossoverin istehsalı bir qədər gecikəcəkdir.  Yeni krossoverin istehsalına gələn il başlanacağına ümid olunsa da, onun istehsalı 2019-cu ilə keçirilmişdir. Qeyd etmək lazımdır ki, Lexus şirkəti UX 200, UX 250 və UX 250h adlarını da qeydiyyatdan keçirmişdir.  

Beləliklə, hansı modellərin satışa çıxarılacağını təxmin etmək mümkündür. Çox güman ki, yığcam krossover 150 – 200 at qüvvəsi diapazonunda gücə malik olan benzin mühərrikləri ilə təklif ediləcəkdir. Hibrid modifikasiyanın ümumi gücü 200 at qüvvəsindən az olmamalıdır.