Bu gün internet şəbəkəsində Porsche Panamera modelinə rəqib olacaq Mercedes-AMG GT4 liftbekinin minimum kamuflyaja malik olan prototipinin fotoşəkli yayılıb. Şəkillər Salento V12 adlı istifadəçinin Facebook sosial şəbəkəsindəki səhifəsində dərc edilib.

Dərc edilən təsvirlərdən də göründyü kimi, prototip 2017-ci ilin mart ayında Cenevrə avtosalonunda nümayiş etdirilən Mercedes-AMG GT Concept konseptini xatırladır. Gördüyümüz kimi, prototip güzgüləri əvəz edən kameralardan və buraxılış sisteminin mərkəzdə yerləşdirilmiş borularından məhrum olub. Üstəlik, prototip iri arxa antiqanada da sahib olub. 

Bildiyimiz kimi, Mercedes-AMG GT Concept “EQ Power+” adını almış ilk modeldir. Gələcəkdə Mercedes-AMG xəttindən olan “qaynar” hibrid avtomobilləri belə adlancaqdırlar. Dördqapılı prototip C və E-Class modellərinin istehsalında istifadə edilən MRA platformasının təkmilləşdirilmiş variantında hazırlanmışdır. Beş metrlik uzunluğu olan avtomobil 805 at qüvvəli hibrid güc aqreqatı ilə təchiz edilmişdir. Hibrid güc qurğusunun tərkibinə 4,0-litrlik iki turbokompressorlu səkkiz silindrli mühərrik, arxa oxda yerləşdirilmiş elektromotor və “yüksək tutumlu və yüngül” batareyalar dəsti daxildir.

Sıfırdan 100 km/saat həddinə prototip üç saniyədən az müddətə sürətlənir. Bununla belə, alman istehsalçısı akkumulyatorların xarakteristikaları və elektrik ötürməsi ilə yürüş ehtiyatı barədə heç bir məlumat verməmişdir.