McLaren və BMW şirkətləri birlikdə yeni nəsil mühərriklərin yaradılması ilə məşğul olacaqdırlar. Britaniya istehsalçısının mətbuat xidmətinin verdiyi məlumata əsasən, şirkətlərin mütəxəssisləri mühərriklərinin gücünün artırılması və eyni zamanda zərərli tullantıların səviyyəsinin azaldılması üzərində çalışacaqdırlar.

Layihəyəyə McLaren şirkətinin başçılıq edəcəyi artıq məlumdur. BMW şirkətindən başqa bu layihəyə Ricardo (McLaren şirkətinin mühərriklərin buraxılması üzrə tərəfdaşı), Grainger və Worrall (metaltökmə texnologiyasına cavabdeh olacaqdır) firmaları, həmçinin kompozit materiallar üzrə ixtisaslaşan Lentus Composites firması qoşulacaqdır. Bundan başqa, tədqiqat işlərinin bir hissəsini Bat universiteti öz üzərinə götürəcəkdir.

Ən maraqlısı odur ki, işlərin maliyyələşdirilməsinin yarısını Böyük Britaniya hökuməti öz üzərinə götürəcəkdir. Bu maliyyələşmə Advanced Propulsion Centr (APC) elmi-tədqiqat təşkilatı vasitəsi ilə həyata keçirələcəkdir. “Autocar” nəşrinin məlumatına əsasən layihənin ümumi məbləği 28 milyon funt-sterlinq təşkil edəcəkdir.

Birgə çalışmanın əsas hədəfləri mühərrikin həcminin dəyişilməz qalması şərti ilə güc xarakteristikalarının artırılması və işlənmiş qazlardakı CO2 səviyyəsinin azaldılmasıdır. Başqa sözlə desək, mühəndislər mühərrikin ekoloji göstəricilərinə xətər yetirmədən onun gücünü artırmağa çalışacaqdırlar.

Ehtimallara görə, yeni texnologiyalar əsasında yaradılmış mühərrik 2020-ci ildə təqdim ediləcəkdir.