Hyundai şirkətinin premium avtomobillər istehsal edən Genesis bölümü Nyu-York avtosalonunda naməlum konsepti nümayiş etdirəcəyini bəyan etmişdir.

Şirkətin mətbuat xidmətinin yaydığı rəsmi məlumatda avtomobil haqqında heç bir məlumat verilməsə də, bir çox kütləvi-informasiya vasitələrinin nümayəndələri bu avtomobilin G70 yığcam sedanının prototipi olduğu qənaətinə gəlmişdirlər. Onların düşüncələrinə görə, yeni prototip Genesis New York Concept modelinin əsasında hazırlanmış seriya öncəsi sedandır. Əvəllər Genesis nümayəndələri BMW 3-Series və Mercedes-Benz C-Class modeli ilə rəqabət aparacaq sedanın bu ilin sonunda işıq üzü görəcəyini bildirmişdirlər.

Başqa mənbələr isə, bu prototipin idman kupesi və ya krossover olacağını da ehtimal edirlər. İstənilən halda, biz model haqqında təfərrüatları sabah öyrənəcəyik. Konseptin təqdimatı internet vasitəsi ilə 12 aprel tarixində canlı olaraq brendin YouTube şəbəkəsindəki rəsmi kanalında yayımlanacaqdır.

Şimali Amerikadan olan jurnalistlər isə bu avtomobilin N Performance bölümü tərəfindən hazırlanmış “qaynar” modelin olacağını düşünürlər. Hər halda, hər şey sabah aydın olacaqdır.