Porsche şirkəti on bir Ştutqart sakininə satışa çıxarılmayan və markanın muzeyində saxlanılan eksklyuziv 911 sportkarını idarəetmək şansı verib.

Bu Porsche Exclusive bölümü tərəfindən hazırlanmış bir milyonuncu sportkardır.  Bir milyonuncu avtomobil bu ilin may ayında konveyerdən çıxmışdır. Avtomobilin eksteryeri və interyeri Ferdinand Porşeyə məxsus olan ilk Porsche 911 modelinin üslubunda tərtib edilib. Porsche 911 Carrera S modelinin bazasında yaradılmış avtomobil xüsusi “İrlandiya yaşılı” rənginə boyanmış  və 1963-cü ildə debüt edən ilk sportkarın üslubunda olan eksklyuziv opsiyaları əldə etmişdir.

Avtomobil qızılı yazılara, 1000000 rəqəmi olan emblemlərə, 20 düymlük Fuchs disklərinə, qırmızı ağacdan işləmələrə sahib olmuşdur.

Sportkar 450 at qüvvəli 3,0-litrlik turbomühərrik və mexniki ötürmələr qutusu ilə hərəkətə gəlir. Yerindən 100 km/saat həddinə sportkar 4,1 saniyəyə sürətlənir. Onun maksimal sürəti 312 km/saatdır.