Məlum olduğu kimi, BMW şirkəti 1-Series modelini yeniləməyə hazırlaşır. Bu günlərdə Auto Express dərgisinin dizaynerləri Audi A3, Mercedes-Benz A-Class və Volkswagen Golf modellərinin ən güclü rəqibi olan hetçbekin dizaynı barədə öz baxışlarını ortaya qoymuşdurlar.

Auto Express nümayəndələrinin bildirdiyinə görə, üçüncü nəsil hetçbekin əsasını təkmilləşdirilmiş UKL modul platforması təşkil edəcəkdir. Hal-hazırda bu platformada BMW və Mini markalarının bir sıra modelləri istehsal edilir. Qeyri-rəsmi məlumatlara əsasən, BMW 1-Series modelinin yeni nəsli gələn ilin sonunda debüt etməlidir.

Yeni modelin satışlarının 2019-cu ildə başlanacağı ehtimal olunur.

Yığcam modelin öndən çəkişli və daha geniş təkər bazasına malik olacağı bildirilir ki, bu da onun daha geniş iç məkanı təklif edəcəyindən xəbər verir. Bundan başqa, baqaj bölümünün həcminin də genişlənəcəyi gözlənilir. Ekspertlər yeni avtomobilin görkəmində inqilabi dəyişikliklərin baş verəcəyindən əmin deyillər. Hetçbekin zahiri görkəmi daha aqressiv xarakterə və idman üslubuna malik olsa da, Bavariya markasına xas olan cizgilər sayəsində anında tanınacaqdır.

Modelin “qaynar” variantının nə zaman buraxılacağı məlum olmasa da, onun üçün M Sport dəstinin hazırlanacağı şübhə doğurmur. Bu dəst  çoxlarının zövqünə oxşamalı və modelin cəlbediciliyini artırmalıdır.

Çox güman ki, avtomobil alman istehsalçısının sərəncamında olan benzin və dizel mühərrikləri ilə təklif ediləcəkdir.  Yeni modelin  tərkibinə 1,5-litrlik turbomühərrik və elektromotor daxil olan hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi istisna olunmur.