Toyota şirkəti FT-4X adını almış prototipin ilk fotoşəklini dərc etmişdir. Avtomobilin ilk nümayişi aprel ayının ortalarında işinə başlayacaq Nyu-York avtosalonunda baş tutmalıdır.

İlk dəfə FT-4X modeli haqqında məlumat keçən ilin oktyabrda peyda olmuşdu. FT hərflərinin açıqlaması Future Toyota («Gələcək Toyota») deməkdir. Bənzər abbreviatura FT-86 kupesinin carçısı olmuş eyni adlı konseptə də məxsus olmuşdur. 

Toyota FT-4X konseptinin yapon şirkətinin yeni ofroderinin carçısı olacağı ehtimal edilir. Çox güman ki, yeni ofroder yapon istehsalçısının model xəttində FJ Cruiser ofroderini əvəz edəcəkdir. Tizerdən göründüyü kimi, yeni prototip 225/55 ölçülü Goodyear təkərləri ilə təchiz edilmiş 18-düymlük diskə malikdir.  

Bildiyimiz kimi, FJ Cruiser modelinin istehsalına 2016-cı ildə xitam verilmişdi. Qeyri-adi görünüşə malik olan ofroder 239 at qüvvəli 4,0-litrlik altı silindrli mühərriklə hərəkətə gəlirdi.