Instagram sosial şəbəkəsindəki hamand1two3 səhifəsində yenilənmiş Toyota Land Cruiser Prado ofroderinin yeni təsvirləri dərc edilib. Təsvirlərdən də göründüyü kimi, avtomobil o qədər də ciddi dəyişikliklərə məruz qalmayıb.

Yenilənmiş modelin ən başlıca elementi yeni ön hissədir. Ofroder yeni radiator barmaqlığına, ön fənərlərə v ön bamperə sahib olmuşdur. Arxa fənərlər dizaynını dəyişsə də, formasını qoruyub saxlayıb.

Ofroderin salonunda dəyişikliklər daha çoxdur. Burada yeni sükan çarxını, cihazlar panelini, klimat-kontrolun yeni idarəetmə blokunu və multimedia sisteminin displeyini görmək olar. Bununla belə, interyerin arxitekturası ümumilikdə dəyişməyib.

Yeni Prado modelinin ən müasir təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə təchiz ediləcəkdir.

Bunlara misal olaraq piyadaları aşkarlayaraq öndən çarpışmaları xəbərdar edən sistemi, adaptiv kruiz-kontrolu, həmçinin adaptiv fənərləri göstərmək olar.

Modelin mühərrik qamması barədə hələlik məlumat verilməmişdir. Hazırki ofroder dörd və altı silindrli benzin və dizel mühərrikləri ilə təchiz edilir.