Bir müddət bundan öncə, Tesla Motors şirkətinin bir həftə ərzində, amerikan istehsalçısının ən ucuz avtomobili olan Model 3 avtomobili üçün 325 min ədəd öncədən sifariş aldığını yazmışdıq. İlkin hesablamalara əsasən, amerikan şirkətinin bu sifarişlərdən potensial gəliri 14 milyard dollar təşkil edəcəkdir. Xatırladaq ki, Tesla Model 3 elektrik avtomobilinin prototipinin bağlı təqdimat mərasimi 1 aprel tarixində Kaliforniyada keçirilmiş xüsusi tədbirdə baş tutmuşdur. Elə o vaxtdan da Tesla Motors 1000 dollar beh almaqla avtomobilin sifarişlərini qəbul etməyə başlamışdır.

Sifarişlərin rəsmiləşdirilməsinə başlanan ilk gün, ən ucuz Tesla avtomobili üçün 180 min nəfər avtomobili almaq arzusunu bildirmişdir. Amerikan şirkəti bu hadisənin «tarix boyu istənilən yeni məhsulun birgünlük satışları üzrə dünya rekordu» olduğunu bildirmişdir. Tesla Model 3 avtomobilinin satış qiymətləri 35 min ABŞ dollarından başlayır və avtomobilin orta satış qiyməti 42 min ABŞ dolları təşkil edir. Avtomobilin istehsalına 2017-ci ilin sonlarında başlanmalıdır.

Lakin, bu günlərdə artıq 12 min insanın Model 3 avtomobilini almaq fikrindən daşındığı məlum olmuşdur. Bunların 8000 nəfəri öz sifarişindən imtina edənlər, 4200 nəfəri isə şirkət tərəfindən sifarişləri ləğv edilən şəxslər təşkil edir. Şirkətin 12200 sifarişdən məhrum olduğu haqqında məlumat, istehsalçının 1,4 milyard dollar  əlavə sərmayə almaq üçün dərc etdiyi sənədlərdən məlum olmuşdur. 

  Teslla Model 3 avtomobilin texniki xarakteristikaları gizli tutulsa da, şirkət rəhbəri İlon Maskın bildirdiyinə görə, bütün avtomobillərin standart olaraq avtonom idarəetmə sistemi ilə təchiz ediləcəkdir.  Elektrokarın ən zəif variantı 60 mil/saat (96 km/saat) sürətini altı saniyədən az bir müddətə toplayacaqdır. Model 3 elektrokarının dolu batareyalarla 350 kilometr məsafə qət etmək iqtidarında olduğu da bildirilmişdir.