ABŞ-ın Ohayo Universitetinin alimləri müəyyən ediblər ki, əksər qadınlar kostyumlu kişilərə üstünlük verirlər. Psixoloqlar sorğu iştirakçılarına müxtəlif kişilərin fotolarını göstərərək araşdırma aparıblar. Məlum olub ki, qadınlar kostyumdakı kişiləri qeyri-adi və yaraşıqlı görürlər, onların özgüvəni və yaxşı yumor hissi olduğuna inanırlar.

Əks cinsin gözündə belə kişilər eleqant görünür, kostyumun silueti isə marağı artırır. Həmçinin, qadınların gözündə kostyumlu kişilər işgüzar, ciddi, ağıllı, varlı və seksual xarakterizə olunurlar. Bəzi qadınların sözlərinə görə, kostyum kişiləri o qədər dəyişdirir ki, hətta adi həyatda gözə çarpmayanları da “krasavçikə” çevirir.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Eyni zamanda, xanımlar belə kişinin ciddi vəzifədə işlədiyini düşünürlər, çünki hər peşə kostyum geyinməyə imkan vermir. Bu da qadınlar üçün uğurlu partnyor deməkdir.

Araşdırmalar öz yerində, amma hər kostyumlu kişi ətrafdakılarda bu hissləri yaratmır. Əgər kostyum nimdaş, səliqəsiz, bədən ölçüsünə uyğun deyilsə heç də həmin kişi qadınların gözündə ciddi obraz yerinə hətta neqativ təəssürat yaradacaqdır. İnsan zəkası estetik, səliqəli, zövqlü xarici görünüşə malik olanları daha yaxşı qəbul edir.

Kostyum – pencək və şalvardan ibarət olan dəstdir. “Kəstum-şalvar” ifadəsi yanlışdır, “Pencək və şalvar” dəst olmayan, ayrı-ayrı satılan predmetlərə demək olar. 

Kişilər kostyum geyinmənin bir neçə qaydasına əməl edərsə, ətrafdakıların hörmət və diqqətini qazana bilər.

Kostyum (ing. Suit) kişinin bədən formasına, ölçüsünə uyğun olmalı və yaxşı oturmalıdır. Onun ölçüsü nə böyük, nə də dar olmamalıdır. Oversayz və dar kostyumlardan kənar olmaq lazımdır.

Özəlliklə, gənc nəslin nümayəndələri çox dar kostyumlar geyinməyi dəbli sayırlar. Hətta, artıq çəkili oğlanların əynində kostyum elə dar olur ki, elə bil indi cırılacaq. 

Doğru biçilmiş kostyum bədən çatışmazlıqlarını gizlətmək üçün ən yaxşı geyim növüdür. Kostyumun tam uyğun olması üçün peşəkar dərzidə yaxud atelyedə keyfiyyətli parçadan sifariş etmək məsləhətdir. Kostyumun formasını isə boy, çəki, bədən forması və sairə amillərə görə doğru seçmək üçün fəşn stilistə müraciət etmək məsləhətdir.

✽ Bu məqalə maraqlı ola bilər – Düymələmə etiketi ➤

2 düyməli klassik kostyum ən yaxşı seçimdir, çünki bütün bədən formalarına və boya uyğun gəlir, hər zaman dəbdədir.

Hazır kostyumlar və pencəklər fərqli bədən quruluşlarına uyğun gəlməsi üçün tikilir. Belə geyimləri aldıqdan sonra dərziyə müraciət edərək, bədənə uyğunlaşdırmaq şərtdir.

Qara rəng kostyum ancaq rəsmi tədbirlər üçün formal geyimdir. Soyuq fəsillərdə mavi, sürməyi, boz, qəhvəyi, zeytun rəng, isti aylarda isə bej, açıq boz, açıq mavi (səma), açıq qəhvəyi, ağ və xaki rənglərə üstünlük vermək olar.

Pencək çox qısa olmamalıdır. Kostyumun pencəyi ayrı satılan pencəklərdən uzun olur. Onun ətəyi əlləri yana saldıqda ovucun içinə qədər uzanmalıdır. Bleyzer (ayrı satılan pencək) isə bir az qısa olur. Lakin, hər iki halda, pencəyin arxa hissəsi ombanın ən azı 80%-ni örtməlidir. Qızıl orta – pencəyin ətəyi əlin baş barmağının sümüyünə qədər olmasıdır.

Çox qısa pencək, boyu vizual kiçiltməklə yanaşı, şalvarın arxa hissəsini açıq saxlayır, bu da çox zaman ombadakı şalvar qırışlarını göstərərək bərbad görünüş yaradır.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

Şalvarın balağı isə çox uzun olmamalıdır, yüngülcə ayaqqabının üzərinə oturaraq bir qırış yaratması doğru seçimdir. İkinci variant isə bir az qısa şalvarın qırışsız oturmasıdır. Hər ikisi qəbul ediləndir. Şalvarın balağında manjet olduğu halda daha da qısa olur. Corabları nümayiş etdirərək, ön tərəfi qırış yaratmadan ayaqqabının üzərinə oturur. Manjetin eni 3-4.5 cm olur.

Modada qayda: slim şalvarın balağı ayaqqabıya nisbətən 1-2 sm qısa, enli balağ isə nisbətən uzun olaraq ayaqqabının üzərinə bir qatla oturur.

Şalvarın bel hissəsinin beldən aşağı deyil, orta və yüksək olması daha doğrudur. Şalvarın belinin hündür olması, ayaqları vizual uzadır, həm də qarın hissəni gizlətməyə kömək edir. Kostyum xüsusi sifarişlə tikilibsə, kəmər əvəzinə enli bel hissə və yan tənzimləyicilərlə fərqlənir.

✽ Bu məqalə maraqlı ola bilər – Kəmər yaxud tənzimləyicilər? ➤

Köynəyin kostyumla eyni rəngdə olması yanlış seçimdir. Monoxrom obraz yaratdıqda kostyumun və köynəyin tonları fərqli olmalıdır. Ən asan yol klassikadır, ağ yaxud açıq mavi (naxışsız yaxud incə vertikal cızıqlı) rəng köynəklərdir. Belə köynəklər hər bir kostyumla uyğunlaşır. Açıq rəng kostyumla tünd rəng köynək (məsələn, bej kostyumla sürməyi yaxud tünd qəhvəyi köynək) də yaxşı dəst ola bilər. 

Qara kostyumla qara köynək dəstini yaddan çıxarın. Bu ancaq kahinlər, ofisiant və klublardakı qoruyucular üçün keçərlidir. Belə görünüş heç də “cool” deyil. Psixoloqlar deyir ki, tam qara geyim özgüvənsizliyi gizlətmək, diqqəti daxili aləmdən xarici görünüşə keçirmək cəhdi barədə xəbər verir.

Klassik kostyumla t-şört (futbolka) geyinmək əvəzinə Polo köynək (çoxzaman səhvən “üçdüymə” adlandırılır) daha ciddi obraz yaradır. T-şörtü ancaq kəjual kostyumla və sport pencəklə geyinmək məsləhətdir.

Corab şalvarın rəngi ilə eyni yaxud bir neçə ton tünd olmalıdır. Rəngli corablar geyindikdə onları hər hansı aksessuarla ahəng etmək, yaxud sərbəst saxlamaq olar. Ağ corablar yalnız idman kostyumu və sniker ilə geyinilir. 

Ağ şalvarla görünməyən yaxud rəngli corab uyğundur. Ağ kostyumla corab ya görünməyən (ing. no show socks), ya da köynəyin rəngi ilə uyğun ola bilər. Ağ şalvar və ağ kostyumla qara yaxud ağ ayaqqabı geyinmək moda aləmində “çuşkalıq” sayılır. Ən yaxşı seçim – qəhvəyi, kürən, mavi, xaki, boz rənglərdə ayaqqabılardır.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını necə seçmək lazımdır ➤

Qara ayaqqabı yalnız qara kostyum və şalvarla geyinilir. Digər hallarda qəhvəyi, kürən rənglərin çalarlarına üstünlük vermək məsləhətdir. Hətta, sürməyi (tünd göy) kostyumla qara deyil, qəhvəyi dəri ayaqqabı geyinmək daha uğurlu seçimdir. Boz, bej, qəhvəyi, xaki rəng kostyumlar da qəhvəyi ayaqqabılarla uyğundur.

Son illərdə kostyumla sniker (krossovka) trenddə olsa da, klassik kostyumla geyinmək məsləhət deyil. Sniker ancaq kəjual kostyumla (yüngül parçadan – kətan, sirkaser, pambıq) uyğun ola bilər.

Aksessuarlar vacibdir

Pencəyin döş cibində paşe yaylığın olması (hətta şalvar olaraq cins seçilibsə) eleqant obrazdır.

Qalstuk obraza ciddilik verir. Smart kəjual (cins və pencək) ilə qalstuk geyinmək eleqantlıq gətirir. Bu halda hörülmüş qalstuk (ing. Knitted Tie) daha müasir görünüş yaradır.

Kəmərlə ayaqqabının rəngi ahəng olmalıdır. Hər ikisinin həqiqi dərindən olması məqalənin əvvəlində göstərilən effekti yarada bilir.

Digər dəridən olacaq aksessuar – çantadır. Çanta həqiqi dəridən əl/laptop çantası (ing. Briefcase) yaxud bel çantası (ing. Backpack) uyğundur. Bu çantaların daxilində laptop, telefon, açar, bloknot, qələm və digər əşyalar üçün ciblər olur. Bu da həmin əşyaları kostyumun cibində deyil, çantada daşımaq imkanı verir. Pencəyin cibinə ağır və həcmli əşyalar qoyarkən onun forması pozulur. 

Bu qaydalar qadınların gözündə yaraşıqlı görünməklə yanaşı, həm də biznes partnyorlarla görüşlərdə vacibdir. Çünki, hamı uğurlu insanlarla əməkdaşlıq və dostluq etmək istəyir. Xarici görünüş və geyim tərzi kişinin uğurlu şəxsiyyət olması haqqında təəsürat yaradan ilk amildir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.