Kişilərin geyimdə ən çox etdiyi səhvlərdən biri də düymələrin bağlanması etiketidir. 1900-cu ildən gələn bu qaydanı əksəriyyət bilmir.

Britaniya kralı VII Edvard çox dolğun olduğu üçün ata minərkən jiletin aşağı düyməsini açardı. O dövrdə pencəklər Redinqotu (beli dar, uzunətəkli, ikibortlu kişi üst geyimi) əvəz edərək yeni dəbə minirdi. Kral dəbli geyinməyi və at sürməyi sevdiyi üçün pencəklə də eyni qaydanı tətbiq etmək məcburiyyətində qalır. Bunu görən zadəganlar Krala hörmət əlaməti olaraq, jilet və pencəklərindəki aşağı düyməni açıq saxlayaraq, onu təkrarlamağa başladılar. O zamandan açıq aşağı düymə bir qayda olaraq qəbul olundu. 

Bu səbəbdən pencək kəsilib, tikilərkən aşağı düymənin açıq qalması üçün formalaşdırılır ki, geyindikdə doğru otursun.  

İlk baxışda bu qaydanı bilməmək mümkün deyil. Lakin, tək Azərbaycanda deyil, bütün dünyada bundan agah olmayanlar yetərli qədərdir. Ona görə fəşn stilist və bloqçular bu qaydaya çoxlu sayda məqalə və videolar həsr edirlər.

Bu qaydanı bilməyən və pencəyin bütün düymələrini bağlayan yaxud açıq yaxalı pencəkdə kişilər görürəm. Bu məsələyə aydınlıq gətirmək üçün məqalə şəkilində bütün qaydaları bir araya toplayaraq dərc etmək qərarına gəldim. Siz də tanışlarınızla bu qaydaları bölüşərək məlumatlandıra bilərsiniz. 

Çünki, səlis kostyum və obrazda olan kişinin xırda qaydanı bilməməsi onun haqqında bütün təəsüratı poza bilər.

Atalar deyib ki, biməmək ayıb deyil, öyrənməmək ayıbdır.

✽ Bu məqalə maraqlı ola bilər – Smokinq haqqında bilmək istədiyiniz ➤

Bəs bunlar hansı qaydalardır?

Pencəklərin ən aşağı düyməsi bağlanmır. Bütün pencəklərin ümumi bir qaydası var, o da kişi ayaqda olarkən pencəyin düymələrinin bağlı olmasıdır.

Bir düyməli pencək üçün qayda çox sadədir. Ayaqda olarkən düymə bağlanır, oturarkən açılır.

İki düyməli pencəkdə üst düymə bağlı, aşağı düymə açıq şəkildə qalır. Oturarkən, düymə açılır, ayağa qalxarkən yenidən üst düymə bağlanır. Ayaqda olarkən pencəyin düyməsinin bağlanması pencəyin bədənə daha səlis oturması və daha yaxşı forma nümayiş etdirməsi məqsədini güdür. 

Üç düyməli pencəkdə Never, Always, Optional (heç zaman, hər zaman, istəyə bağlı) qaydası qüvvəyə minir, aşağı düymə yenə açıq qalır, orta düymə bağlanır, üst düyməni isə bağlamaq da olar, bağlamamaq da. Oturanda yenə düymələr açılır.

Dörd yaxud beş düymə olduqda, yenə aşağı düymə açıq saxlanılır. Ən yuxarı düymə açıq qalarsa daha dəbli görsənəcək, lakin mütləq deyil. Ayaqda olarkən bağlı qalır, oturduqda açılır.

İki bortlu 4 (2+2) düyməli pencəklər nadir olsa da, bəzən rast gəlinir. Bu pencəkdə düymə bağlanır. Əgər 2 sağ düymələrin ilikləri varsa və düymələnirsə, bu halda aşağı düymə açıq qalır.

İki bortlu 6, 8 düyməli pencəklərdə aşağı düymə açıq qalması qəbul olunub. Ətəyin “asılma” effekti olmaması üçün pencəyin daxilində əlavə düyməni (düymələri) mütləq bağlamaq gərəkir. İki bortlu pencəyin düymələri oturarkən də bağlı qalır. Belə pencəklərin yaxasını açıq saxladıqda ətəkləri geniş olduğu üçün asılma effekti yaranır və yaxşı görünmür, ona görə də onlar hər zaman bağlı qalmalıdır. Əgər bütün düymələr bağlanıbsa, oturduqda aşağı düymə açılır ki, rahat hərəkət etmək olsun.

Düyməli jiletlər son illər çox populyardır. Onları “üçlük” kostyumlar, çinos yaxud cins şalvar və idman pencəyi, chore jacket, gödəkcə ilə geyinilir. Tək bortlu jiletlərin ən aşağı düyməsi açıq saxlanılır. İki bortlu jiletlərdə isə bütün düymələr bağlanır.

✽ Bu məqalə maraqlı ola bilər – Kişinin qarderobunda olmalı 32 predmet ➤

V boğazlı Kardiqan üçün də qaydalar dörd düyməli tək yaxalı pencəklərə bənzərdir. Onların üst və aşağı düyməsi bağlanmadan saxlanılır. Kardiqanın üst düyməsi istəyə görə bağlana bilər (məsələn kostyumla geyindikdə), lakin açıq qaldıqda obraza dəbli və “cool” görünüş verir.

Denim Gödəkcələr üçün də düymələmə qaydaları var. Əsasən düymələr açıq geyinilir. Lakin, soyuqdan qorunmaq üçün düymələri bağlamaq məcburiyyəti olur. Bu halda kardiqan qaydaları tətbiq edilir: üst və aşağı düymə açıq saxlanır.

Paltolar üçün bu qaydalar sadədir: bütün düymələr bağlanır yaxud açıq saxlamaq olar. Seçim yalnız havadan və istəkdən asılıdır. Soyuqdan qorunmaq üçün həm tək bortlu, həm də iki bortlu paltonun bütün düymələrini bağlamaq olar. İtalyan modabazaları bəzən fərqli görünmək üçün iki bortlu paltolara pencək qaydaları tətbiq edərək, aşağı düyməni açıq saxlayırlar. 

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Köynəklərə gəldikdə isə, qalstuk taxarkən bütün düymələr bağlanır. Qalstuksuz yuxarı düymələr açıq qalır. Daha dəbli obraz üçün 2 yuxarı düymə açıq saxlanılır. 

Bu qaydalar bütün dünyada qəbul olunaraq kişi geyim etiketinə çevrilib. Etiketi bilmək və tətbiq etmək isə yaxşı imic yaradır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.