BMW şirkəti flaqman sedanı 7-Series modelinin top variantı olan V12 mühərrikli M760Li xDrive modifikasiyasından imtina etmək qərarına gəlib. Bu qərar bayraqdar modelin yenilənməsindən sonra qüvvəyə minəcəkdir.

Bu barədə xəbəri alman istehsalçısına yaxınlığı ilə tanınan BMWBlog saytı yayıb. V12 mühərrikindən imtina edilməsinin əsas səbəbi kimi sərtləşmiş ekoloji tələblər göstərilir. İlkin məlumata görə, flaqman sedanının yenilənməsi gələn ilə planlaşdırılıb və şirkət 610 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 6,6-litrlik V12 mühərrikinin modernləşdirilməsinə  vəsait ayırmaq fikrində deyil.

Xatırladaq ki, bu mühərriklə bayraqdar sedan 100 km/saat həddini 3,7 saniyəyə toplayır. Modelin yanacaq sərfiyyatı qarışıq rejimdə 100 kilometrə 12,6 litr təşkil edir.

Bir müddət bundan əvvəl, alman istehsalçısının avropa bazarı üçün nəzərdə tutulan M550i modifikasiyasının istehsalını müvəqqəti olaraq dayandırdığı bildirilmişdir. Sınaqlar zamanı 4,4-litrlik “biturbosəkkizliyin” yeni WLTP reqlamentinin tələblərinə cavab vermədiyi aşkar olunmuşdur. Tələblərə cavab vermək üçün şirkəti mühərriki Otto sərt hissəciklər filtri ilə təchiz etməlidir.

Eyni səbəbdən də cari nəsil M3 modelinin istehsalını vaxtından əvvəl dayandımaq qərarı qəbul edilmişdir. Modelin mühərrik bölümündə Otto filtri üçün yer olmadığı üçün onun istehsalını dayandırılacaqdır.