Toyota şirkəti bir neçə gündən sonra işinə başlayacaq Cenevrə avtosalonunda Auris hetçbekinin yeni nəslini təqdim edəcəkdir.

Yeni model ilə birlikdə yeni güc aqreqatı da debüt edəcəkdir. Bu Dynamic Force Engines ailəsinin üzvü, həmçinin 40 və 41 (hibrid güc qurğusunun tərkibində) faizlik termik effektivliyə sahib olan 2,0-litrlik dörd silindrli mühərrikdir.

Yeni nəsil Toyota Auris modeli daha dinamik zahiri görünüşə, işıqdiodlarından hazırlanmış ön və arxa fənərlərə malik olacaqdır. Hetçbekin mühərrik çeşidinə 2,0-litrlik mühərrikin əsasında yaradılan hibrid güc qurğusu da daxil ediləcəkdir. Bu qurğunun yaradılmasında son nəsil Toyota Prius modelində tətbiq edilən texnologiyalardan istifadə edilib.  İstehsalçının sözlərinə görə, hibrid qurğu “sürətlənmənin rəvan xarakteristikaları və möhtəşən yanacaq effektivliyi” ilə seçiləcəkdir.

Yeni 2,0-litrlik mühərrikin hasilatı 171 at qüvvəsi və 205 Nm olacaqdır. Hibrid qurğunun tərkibində isə bu rəqəmlər, müvafiq olaraq, 146 at qüvvəsi və 180 Nm təşkil edəcəkdir. Xatırladaq ki, Toyota Auris modeli Azərbaycan bazarında satılmır.