İnsanın görünüşü onun həyat tərzini, uğurlu olmasını və xarakterini müəyyən etmək üçün əsas meyarlardan biri hesab olunur. Qüsursuz seçilmiş qarderob qadın və kişi imicinin vacib hissəsidir.

Bəzən öz xarici görünüşünə biganə olan, yaxud pul xərcləmək istəməyən insanlar başqalarına “brend xəstəsi” damğası vururlar. Bəs, niyə o “xəstələr” brend geyimə üstünlük verirlər?

Oniomaniya yaxud Şopoqolizm (ehtiyac olmadan, qeyri-şüuri surətdə yeni əşyaların alış prosesdən zövq duymaq) kimi xəstəliklərə düçar olanlar düşünülmədən və xaotik alışlar edirlər. Bu psixoloji problemlərdən qaynaqlanır və psixoterapevtiya ilə həll olunur. Çox vaxt başqaları tərəfindən qəbul olunmayan və diqqət çatışmazlığı yaşayan, tənhalığa qarşı dözümsüzlükdən əziyyət çəkən, uzunmüddətli hədəflər qurmağı bilməyən insanlar şopoqolizmlə bu problemləri kompensasiya edirlər. 

Lakin, doğru alış-veriş etmək də müəyyən bacarıq və bilik tələb edir. Son illərdə populyar olan Baza Qarderobu hesabına doğru alışlar edərək, az miqdarda pul xərcləyib minimum sayda əşyalarla çox sayda obrazların yaradılmasıdır.

✽ Bu məqalə maraqlı ola bilər – Baza qarderobda olmalı 32 predmet ➤

Brend (ing. Brand) – məhsulun hədəf auditoriyası arasında tanınmasına və rəqiblərdən fərqlənməsinə imkan verən ticarət markasıdır. Brendin tərkib hissələrinə yalnız bu şirkətə xas olan və istehlakçılar tərəfindən asanlıqla tanınan ad, loqotip, şüar, korporativ şrift və digər xüsusiyyətlər daxildir. Brend bir təşkilatın insanların şüurunda formalaşan ümumi görüntüsü də adlanır. Buraya şirkət və onun məhsulları ilə əlaqəli duyğular və assosiasiyalar daxildir. İstehlakçı nöqteyi-nəzərindən brend, şirkət və ya onun məhsulu haqqında ortaya çıxan vahid bir görüntüdür. O, həm də məhsulun keyfiyyətinə zəmanətdir.

Brendlər də seqmentlərə bölünür və keyfiyyət, kütləvi istehsal və qiymət meyarlarına görə fərqlənirlər.

Haute Couture – yüksək moda brendləridir. Yüksək moda sindikatı hansı moda evlərinin haute couture-a aid olduğunu müəyyənləşdirir, istehsalı, hər mövsümdə buraxılan kolleksiyaların sayını izləyir. İstehsal proseslərinin əksəriyyəti əl ilə həyata keçirilir və daha çox resurs tələb edir. Ona görə də bu seqmentin bütün məhsulları eksklüzivdir və minlərlə avroya təklif olunur.

Premium – firma butiklərində satılır. Onlar yalnız geyim deyil, həm də öz fəlsəfələrini istehlakçılarına aşılayırlar. Bu seqment kütləvi istehsala malik olsa da, məhdud saylarda satışla seçilirlər. Belə malların dəyəri 800 Avrodan başlayır.

Orta – malların keyfiyyəti premium markalarla müqayisə olunur. Ancaq premiumdan fərqli olaraq, burada daha ucuz xammal, sadə kəsim və aksesuarlardan istifadə olunur. Bu yolla belə markalar daha aşağı istehsal xərcləri sayəsində buraxılış həcmini artırırlar. Bu seqmentdə mallar 250 Avrodan başlayır.

Ekonom – aşağı qiymətə satış edən outlet mağazalar daxildir. Satış məsləhətçiləri cəlb olunmadan, adətən xarici ölkələrdə şəhərin mərkəzindən uzaqda yerləşən pərakəndə satış Mollarıdır. Avropa və ABŞ outletləri Premium və Orta seqment malların köhnə kolleksiyalarını böyük endirimlərlə təklif edir.

Mass-market – əlçatan qiymətə orta keyfiyyətli kütləvi bazar geyimləri təklif edir. İstehsal texnologiyası, marketinq ilə logistika keyfiyyətə deyil, kəmiyyətə əsaslanır. Bu seqmentdəki mallar ümumiyyətlə bir mövsümdən sonra görünüşünü və formasını itirir. Mass-market segmentdəki mallar moda trendlərini təkrarlayır, gəliri az olan müştərilər üçün hazırlanır. Ona görə də, istehsalçılar ucuz xammaldan istifadə edirlər, malların həcminin 70%-i sintetik materiallardandır. Bu bazarın ən başlıca brendləri böyük satış həcmi olan H&M, GAP, Uniqlo, Mango, Zara markalarıdır.

✽ Bu məqalə maraqlı ola bilər – Kişi kostyumunun seçim qaydaları ➤

Araşdırmalar göstərir ki, səliqəli, eleqant və bahalı xarici görünüşü olanlara daha çox dəyər verilir və onlara ödənilən zəhmət haqqı digərlərindən daha yüksək olur. Səbəbi isə məlumdur - daha bahalı və uğurlu görünüş. İşə götürənlər, tərəfdaşlar və digərləri az ödəniş etməkdən utanırlar - axı belə şəxsin əyin-başı elə filan qədər pul edir. Hər hansı bir təşkilatda onlar daha yaxşı qarşılanıb, daha yaxşı xidmət olunurlar. Bu nə qədər ədalətsiz olsa da, insan şüuru belə işləyir, onu dəyişdirmək qeyri mümkündür.

Əgər bu araşdırmalara nikbinliklə baxırsınızsa, istehza ilə gülürsünüzsə, özünüz təcrübədən çıxarın. Eyni təşkilata ucuz və sadə geyimdə, bir müddətdən sonra isə, bahalı və zövqlü obrazda gedin və fərqini görün.

Mən gənc zamanlarımda dəfələrlə bununla qarşılaşdığımdan artıq özüm üçün nəticə çıxarmışam. Hər gun vacib şəxslərlə iş görüşmələrim olduğu üçün, eleqant və dəyərli obrazlar mənim həyat tərzimə çevrilmişdi. Hətta, istirahət zamanı yaxud qəhvəxanada olarkən, lazımlı şəxslərlə qarşılaşmaq şansı yüksəkdir.

“Xaç atası” filmi üçün dizayner Theadora Van Runkle baş qəhrəman Maykl Korleone (Al Paçino) üçün xüsusi kolleksiya yaratmışdı

Niyə Brend geyim daha yaxşıdır?

Düyanın ən zəngin adamı olan baron Rotşildin belə bir ifadəsi var: “Mən o qədər zəngin deyiləm ki, ucuz əşyalar alım”. O, demək istəyib ki, ucuz əşyalar qısa zamanda korlanır, onların yenisini almaq məcburiyyəti yaranır, uzunmüddətli perspektivdə daha çox pul xərclənir. Premium brenddən olan əşya isə uzun illər həm aktual qalır, həm də uzun müddət istifadə oluna bilir.

Brend üçün imic çox vacibdir, ona görə də xırda bir şeylə onu korlamaq istəmir. Bundan əlavə o, istehsalı ciddi şəkildə nəzarətdə saxlayır, mallarına cavabdehlik daşıyır, zəmanət verir, problem olarsa onu dəyişməyə və geri götürməyə hazırdır.

Saxta (feyk) və no name istehsalçılar isə heç bir cavabdehlik daşımır. Feyk “brend” əşyalar orijinala çox bənzəsələr də, onun kimi deyillər.

Bəli, brend əşyalar daha baha olur. Satış qiymətinə yeni modellərin üzərində işləyən yüksək dərəcəli dizayner komandasına, keyfiyyətli material və aksessuarlara, yüksək texnologiya yaxud xüsusi əl işinə çəkilən xərclər, brendin dəyəri və sairə təsir göstərir. Bu səbəbdən də replika deyil, orijinal əşyalar almaq məsləhətdir.

Hətta bir neçə il sonra premium geyimi yaxşı vəziyyətdə “second hand” kimi satmaq da mümkündür. Amerika və Avropa bazarında ikinci əl lüks geyimlərin satışlarını təşkil edən platformalar son illərdə çox populyarlaşıb. Lüks univermaqlar da öz mağaza və veb-saytlarında “Pre Owned” (istifadə olunmuş) geyimlər təklif edirlər.

Keyfiyyətli materiallar

Məşhur markaların geyimlərinin dəyəri, onların istehsalında istifadə olunan materialların qüsursuz keyfiyyətindən asılıdır. Yeni kolleksiya yaradarkən, dizaynerlər materiallara xüsusi diqqət yetirirlər. Onlar həm təbii tərkibli, həm dözümlü, həm də yaxşı görünüşə malik olmalıdırlar. Bu materiallar dəfələrlə sınaqdan keçirilərək hazırlanır. Bu yalnız xəz və ya dəriyə deyil, kəşmir, ipək, yun və pambıq parçalara da aiddir. Məsələn, idman geyimlərində üstünlük verilən süni materiallar antiallergikdir və rahatdır.

Misal üçün, 100% yun materialdan olan kostyum, pencək, şalvar və sviterlər yalnız premium brendlər tərəfindən təklif olunur. Yun parça qırışmır, soyuqda isti, qızmar havada isə sərin saxlayır, uzun müddət istifadə olunur. Yay üçün isə, yun və kətan qarışıqlı astarsız kostyumlar daha uyğundur. Hətta, astar parçası olaraq kupro istifadə edilir. O, “nəfəs alır” (hava keçirir), nəmişlyi mükəmməl mənimsəyir və daha dözümlüdür. Polyester parça malın maya dəyərini ucuzlaşdırmaq üçün astar kimi istifadə edilir. Polyester də hava işləmə qabiliyyətinə malik olmadığından hər şey tərləmə ilə nəticələnir.

Mənim qarderobumda hətta 15-20 yaşı olan geyimlər yer alır, hələ də məmnuniyyətlə onlardan istifadə edirəm. Bunun səbəbi də onların dizayner geyimləri və “klassika” sinifindən olmasıdır, çünki klassika hər zaman dəbdədir. Klassika deyərkən yalnız kostyum deyil, həm də kəjual geyim nəzərdə tutulur.

✽ Bu məqalə maraqlı ola bilər – Ayaqqabını göstər deyim kimsən ➤

Dözümlülük

Yüksək keyfiyyətli materiallar və aksesuarlar məhsulların dözümlülüyünün əsasıdır. Brend əşyalarda ucuz bir toqqa, zəncirbənd, kövrək düymələr və ya korlanan yapışdırıcı (“липучка”) tapmaq mümkün deyil. Bu səbəbdən də, məşhur brendlərin geyimləri uzun illər ərzində xarici görünüşünü və formasını saxlayır. Onun parçası qüsursuz qalır, çox istifadə olunduğunda da formasını itirmir.

Sadalanlar brend geyimlər mass-market “rəqiblərindən” fərqlənir. İkincilər qısa zamanda formasını itirir, aşınır, yırtılır, bir neçə yuyulmadan sonra rəngi solur. Belə əşyaları bir neçə mövsüm istifadə etmək olmur.

Tərzli kəsim

Tərz yalnız estetika deyil, həm də rahatlıqdır. Brend geyimin daxili də xarici görünüşü kimi mükəmməl hazırlanır. Brend paltarlar elə bil xüsusi olaraq alıcının formalarına görə hazırlanıb və mükəmməl otururlar. Buna nail olmaq üçün dizaynerlər hər xətti, hər detalı düşünüb, bədən qüsurlarını gizlətməyə kömək edən dizayn yaradırlar. Nəticədə, adi boz rəngli ən lakonik gödəkçə belə bahalı, zərif və lüks görünür. Ustadın imzası həmən görünür.

Brend əşyalarda maraqlı detallarla rastlaşmaq olur. Məsələn, seçilən tikiş, özünəməxsus manjetlər və formalı yaxalar. Belə detallar diqqət çəkir, yadda qalır və geyimi eksklüziv edir. Məhz belə bir paltarda insan öz unikallığını hiss edir.

✽ Trendyol-da raminmusayevblog20 promo kodu ilə geyimləri endirimlə əldə edin ➤

“Suits” serialı üçün xüsusi olaraq geyimləri məhşur dizaynerlər hazırlayıb

Status

Cəmiyyətdə yüksək mövqeyi olan insan keyfiyyətsiz əşyalar geyinə bilməz. İlk növbədə səliqəli, eleqant və tərzli görünməlidir. Bundan əlavə, işlədiyi insanların səviyyəsinə uyğun olması lazımdır. Əgər yüksəklərə çıxmaq niyyətindəsinizsə, eleqant obraza laqeyd qalmaq olmaz. Vacib görüş zamanı düymənin düşməsi, zəncirbəndin qırılması yaxud geyimin yırtılması nəticəsində biabır olaraq yadda qalmağı heç kim istəməz.

✽ Bu məqalə maraqlı ola bilər – Günəş eynəyi haqqında bilmədikləriniz ➤

Aktyor Ryan Gosling Gucci markası ilə əməkdaşlıq edir

Əlverişli qiymət

Deyə bilərsiniz ki, brend geyimlər əlçatmazdır. Əslində belə deyil. Əlverişli qiymətə yüksək keyfiyyətli geyimləri endirim zamanı, autlet mağaza və vebsaytlarda əldə etmək mümkündür.

Son illərdə “yavaş moda” tətbiq edildiyi üçün, hətta bir neçə mövsüm öncə tikilmiş geyimlər aktuallığını hələ gələcək illərdə də saxlayacaq. Lakin autletlərdə onları 90%-ə çatan endirimlərlə əldə etmək olar.

Mövcud qarderobu araşdırmaq və yeni predmetlər alaraq əlavə etmək, baza qarderobu yaratmaq istəyi olan, lakin bunun yolunu bilməyənlər konsultasiya üçün müraciət edə bilərlər. Həmçinin Instagram səhifəmdə videoları izləyərək məlumat almaq mümkündür.

✽ Fəşn konsultasiya üçün (What’s App) əlaqə ➤

Atalar deyib ki, “Gözəllik ondur, doqquzu dondur”.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.