Cadillac şirkəti 2002-ci ildən bu günə qədər Escalade modelinin çeşidində mövcud olan uzun bazalı Escalade ESV modelinin yeni nəslini təqdim edib. Məlum səbəblərdən yeni modelin təqdimatı onlayn şəkildə keçirilib. Qeyd etmək gərəkdir ki, ESV versiyası standart ofrouderdən yalnız 384 millimetr artmış uzunluğu və 105 millimetr genişlənmiş təkər bazası ilə fərqlənir.

Yeni Cadillac Escalade ESV modelinin uzunluğu 5766 millimeyr, eni - 2059 millimetr, hündürlüyü - 1942 millimetr, təkər bazası isə 3407 millimetr təşkil edir. Beləliklə, yeni Cadillac Escalade ESV modeli sələfindən 70 millimetr uzundur. Texniki cəhətdən uzun bazalı ofrouder standart model ilə eynidir. Bu isə, Escalade ESV modelinin Chevrolet Silverado pikapının GMT T1XX platformasında inşa edildiyindən, həmçinin çoxqollu arxa asqı, Air Ride pnevmoasqısı, 10-diapazonlu avtomatik transmissya və iki mühərrik ilə təchiz edildiyindən xəbər verir.

426 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 benzin mühərriki ilə yanaşı, Escalade modeli ilk dəfə 281 at qüvvəsi və 623 Nm fırlanma anına malik olan 3,0-litrlik dizel mühərriki ilə təchiz edilir. Bununla birlikdə, modelin maraqlı cəhətlərindən biri salondadır: bu, üç displeydən ibarət olan 38-dümlük qövsşəkilli LG P-OLED displeyidir.

ABŞ-da Escalade və Escalade ESV satışları ilin sonuna qədər başlanmalıdır. Qiymətlər də artıq məlumdur. Qısa bazalı və standart təchizatlı ofrouder 77,490 dollara satılacaqdır. Uzun bazalı Escalade ESV modeli isə 80,490 dollara təklif ediləcəkdir. Tam ötürmə üçün əlavə 3000 dollar ödəmək gərək olacaqdır.