The Supercar Blog saytı Ferrari Purosangue krossoverinin ilk şəkillərini əldə edib. Təsvirlərdən göründüyü kimi, Ferrari markasının ilk krossoveri Roma kupesinin üslubunda dizayna, dörd qapıya və karbonplastikdən təkər tağlarının genişləndiricilərinə malikdir. Krossoverin əsasını geniş mühərrik çeşidinin quraşdırılmasına imkan verən yeni platforma təşkil edir. Eyni zamanda, Ferrari Purosangue modeli tamamilə yeni salona və klirensi tənzimləməyə imkan verən asqıya malik olacaqdır.

Ferrari Purosangue modelinin önmühərrikli arxitekturada inşa olunacağı məlumdur. Onun əsas xüsusiyyətləri bazada yerləşdirilmiş mühərrik, transaxle  sxemi üzrə quraşdırılmış preselektiv “robot” və klirensi tənzimləməyə imkan verən “mütərəqqi” asqı sistemi olacaqdır. Zahiri cəhətdən yeni model krossoverdən daha çox dördqapılı kupeyə bənzəyəcəkdir. Buna görə də, italyanlar krossover üçün xüsusi işarələnməni fikirləşiblər - Ferrari Utility Vehicle (FUV).

Maranellodan olan ilk krossoverin mühərrik çeşidi barədə məlumat verilməyib. Bəziləri Purosangue modelinin V12 atmosfer mühərriki ilə hərəkətə gələn son Ferrari avtomobilinin olacağını iddia edilər. Lakin italyan istehsalçısı krossoverin SF90 Stradale modelindən tanış olan hibrid güc qurğusunu alacağını bildiriblər ki, bu da reallığa daha yaxındır. Digər tərəfdən, Purosangue krossoverinin versiyalarından birinin Ferrari 296 GTB berlinettasından götürülmüş altısilindrli mühərrik ilə təchiz ediləcəyi də istisna olunmur.

Ferrari Purosangue modeli bu ilin sonuna qədər debüt etməlidir. Əgər İtalyan markasının ilk krossoveri SF90 Stradale modelinin 780 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən hibrid güc qurğusunu alarsa, o zaman onun əsas rəqibi Aston Martin şirkətinin “bərkgedən” DBX707 krossoveri olacaqdır. Xatırladaq ki, Aston Martin DBX707 modelinin 4,0-litrlik biturbomühərriki 707 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edir.  

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.