Artıq xəbər verdiyimiz kimi, Ford şirkəti 8 iyun tarixində Focus modelinin bazasında inşa edilmiş Maverick pikapının təqdimatını keçirməyə hazırlaşır. Lakin təqdimata bir neçə gün qalmış, yeni pikapın şəkilləri İnternet şəbəkəsinə sızdırılıblar.

Pikapın şəkilləri MaverickTruckClub forumunda dərc edilsə də, sonradan Ford şirkətinin tələbi ilə silinib. Resurs şəkillər ilə yanaşı, avtomobilin təxmini qiymət siyahısını da dərc edib - odur ki, Ford şirkətinə avtomobilin ölçüləri və bazara çıxış müddəti haqqında məlumat vermək qalır.

Ford Maverick daşıyıcı kuzova malik olan yüngül pikapdır və ön ötürməli C2 platformasına əsaslanır. Pikap üçün şassi gücləndirilib, texniki cəhətdən isə Maverick Bronco Sport krossoverinə bənzəyir. Pikapa yandan baxdıqda, Bronco Sport krossoveri ilə “qohumluq” əlaqəsi özünü daha aydın biruzə verir - ön qapının sonuna kimi iki modelin kuzovu demək olar ki, eynidir, lakin ümumi elementlər yoxdur. Maverick modelinin kapotu, qanadları, bamperləri, radiator barmaqlıqları və işıq texnikası orijinaldır.

Pikapın interyeri Bronco Sport modelinə nəzərən yaradılıb, lakin pikap genişformatlı ekranı olan daha müasir multimedia sistemini əldə edib. Digər interyer elementləri isə krossoverlə unifikasiya edilib - pikap üçün başqa oturacaqları və kapı kartlarını hazırlamayıblar.

İnsayderlər Maverick pikapının Bronco Sport modeli ilə mühərrik çeşidini bölüşəcəyini hesab edirlər. Çox güman ki, söhbət 184 at qüvvəsi və 257 Nm fırlanma anı hasil edən 1,5-litrlik “turboüçlükdən”, habelə 248 at qüvvəsi və 373 Nm fırlanma anı hasil edən “turbodördlükdən” gedir.

Hər iki aqreqat 8-pilləli “avtomat” ilə tandemdə çalışacaqdır. Tam ötürmə sistemi əlavə ödənişlə quraşdırılacaqdır. Üstəlik, pikapın hibrid güc qurğusu təchiz olunacağı da gözlənilir. 

Ford Maverick pikapının qiymətinin 20 min ABŞ dollarını keçməyəcəyini bildirirlər. Modelin əsas rəqibi Hyundai Santa Cruz pikapı olacaqıdr.