Hispano Suiza markasının banisi Damian Mateunun ailəsinə məxsus Hispano Suiza Fábrica de Automóviles şirkəti Carmen Boulogne adlı elektrik qrand turerinin tizerini dərc edib. Bu avtomobil, Carmen elektrokarının yarış Hispano Suiza H6B modelinin motivlərinə əsasən yaradılmış daha güclü və daha sürətli versiyasıdır.

“Boulogne” ləqəbi, Hispano Suiza H6B modelinə 1921-1923-cü illərdə Bulon ətrafında keçirilən Corc Boyo kubokunda əldə etdiyi ardıcıl qələbələdən sonra verilib. İndi isə, “Bulon” adı Hispano-Suiza Carmen modelinin ən güclü, ən sürətli və ən eksklüziv versiyasına qismət olacaqdır. Yeni avtomobil barədə məlumat daha sonra açıqlanacaqdır, hələlik isə, şirkət xüsusi qrand turerin ilk görüntüsünə baxmaq imkanı təklif edir.

"Bərkgedən" Hispano Suiza Carmen Boulogne elektrokarını mis rəngli radiator barmaqlığı və kuzovdakı haşiyələr, ön hissədəki splitter və karbondan hazırlanmış kuzovu sayəsində tanımaq mümkündür. Superkar arxa oxda quraşdırılan və ümumi hasilatı 1020 at qüvvəsi olan iki elektrik mühərriki və maye ilə soyudulan 80 kilovat-saatlıq T-şəkilli litium-polimer batareya ilə təchiz ediləcəkdir.