Yeni nəsil Mercedes-Benz GLA modelinin təqdimatının 11 dekabr tarixində keçiriləcəyi barədə məlumat vermişik. Bir müddət bundan öncə, alman istehsalçısı GLA modelinin ikinci nəslinin tizerini də dərc edərək onun debüt tarixini açıqlayıb. Bu dəfə Mercedes-Benz şirkəti yeni krossoverin interyerinin şəklini dərc edib.

Şəkildə avtomobilin rəqəmsal cihazlar paneli və kor zonalara nəzarət sisteminin işi nümayiş olunub. Sonuncu sistem qapıların açılması zamanı xəbərdarlıq funksiyasına malikdir. Məsələn, sistem velosipedçinin və ya digər avtomobilin yaxınlaşmasına reaksiya verəcəkdir. Buna bənzər sistem bir müddət bundan öncə yeni nəsil Hyundai Santa Fe modelində debüt edib. Bundan başqa, yeni Mercedes-Benz GLA krossoveri yarıavtonom idarəetmə sisteminə və MBUX multimedia kompleksinə də sahib olacaqdır.

Alman istehsalçısı GLA modelinin əvvəlki siluetini qoruyub-saxlasa da, nisbətlərini dəyişəcəyini də bildirib. Əsas məqsəd Mercedes-Benz GLA modelinin hündür hetçbekə deyil, əsl krossoverə bənzəməsini təmin etməkdir. Bunu dərc edilmiş tizerdən də görmək olar.

GLA modelinin növbəti nəsli cari modelə nisbətən 10 santimetr artmalıdır. Bu artımın bir hissəsi sərnişinlərin başı üzərindəki məkanın genişləndirilməsinə, digər hissəsi isə klirensin artırılmasına yönəldiləcəkdir. Bundan başqa, arxa sərnişinlərin ayaq zonasında da məkanın genişlənəcəyi bildirilib. Qeyd etmək lazımdır ki, GLA modelinin uzunluğu ciddi artmasa da, genişlənmənin təkər bazasının artırılması hesabına olacağı bildirilib. Başqa bir məlumata görə, əksinə krossoverin uzunluğu 15 mm qısalacaqdır ki, bu da avtomobilin çıxışlarını qısalmasından və həndəsi keçimliyinin yaxşılaşmasından xəbər verir.